Qusar rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

img

10-05-2010 [05:05]


Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində - mayın 9-da Qusar şəhərində daha bir tikilinin- Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Daxili işlər naziri əvvəlcə ümummilli liderin rayon mərkəzindəki abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Daha sonra Polis Şöbəsinə gələrək açılışı bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, tikintisinə ötən ilin aprelində başlanmış 46 xidməti otaqdan ibarət olan dördmərtəbəli inzibati binanın ümumi sahəsi 2100 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş bu bina bütün zəruri avadanlıq, kommunikaslyalar və mühəndis qurğuları ilə təchiz edilmiş, xüsusi təyinatlı mebel və inventarla təmin olunub. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılmışdır. Müvəqqəti Saxlama Təcridxanasında kameralardan başqa istintaq otağı, mətbəx, ibadət otağı və digər yardımçı sahələr də nəzərdə tutulub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmiş, istilik qazanxanası, transformator məntəqəsi və digər mühəndis qurğular tikilib. DİN rəhbəri görülən işləri yüksək qiymətləndirmiş, Qusar polisinin normal fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradılmasından razılığını bildirmiş, tövsiyələrini verib. Daha sonra nazir Qusar RPŞ-nin şəxsi heyəti ilə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Polisinin yaranmasında, formalaşmasında və inkişafında tarixi rolu mövzusunda müşavirə keçirib. Yaxın tariximizə qısa ekskurs edən cənab Ramil Usubov ötən əsrin 90-cı illərinin əvvəllərində dövlətçiliyimizin və müstəqilliyimizin real itirilmə təhlükəsi ilə üz-üzə qaldığı, bir tərəfdən Ermənistanın ölkəmizə hərbi təcavüzünün genişləndiyi, digər tərəfdən dövlət orqanlarının fəaliyyətini iflic edən, ayrı-ayrı şəxslərə, partiyalara məxsus qanunsuz silahlı dəstələrin hakimiyyət uğrunda mübarizə apardığını, vətəndaş qarşıdurması və müharibəsinin astanasında olduğumuz bir mərhələdə xalqın təkidli tələbilə Heydər Əliyevin ali hakimiyyətə qayıdışını xatırladıb. O, qeyd edib ki, bunun nəticəsində ölkəmizdə xaosdan qurtuluşa, anarxiyadan, cəzasızlıq mühitindən insan hüquq və azadlıqlarının təmin olunduğu hüquqi müstəviyə, qanunun aliliyinə keçidin əsası qoyulmuş, bütün sahələrdə müsbət dəyişikliklər baş verib. Məhz zəngin dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə malik ümummilli liderimizin rəhbərliyi, ciddi tələbkarlığı və gündəlik nəzarəti, eyni zamanda yüksək diqqət və qayğısı, həmçinin güc strukturlarının birgə əlaqəli fəaliyyəti, səmərəli işbirliyi sayəsində respublikamızda kriminogen durum tədricən nəzarət altına alınıb. Daxili işlər naziri əmin olduğunu bildirib ki, Qusar RPŞ-nin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya, sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidməti ilə cavab verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA