Kərəm Həsənov hansı kompromatlardan qorxur? - Komitənin reydlərinə fərqli baxış

img

17-10-2016 [11:27]


Xəbər verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Abşeron və Bakı şəhərləri daxil, 18  rayon üzrə torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan özbaşına zəbti və hasarlanması ilə bağlı monitorinq və reydlər aparılıb.

Mia.az-ın məlumatına görə, təkcə Abşeron rayonunun Qobu və Saray qəsəbələrində keçirilən reydlər zamanı ümumilikdə 7 hektardan çox əkin və örüş torpaqlarında müxtəlif təyinatlı tikinti işlərinin aparılması halları müəyyən edilib.

Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə torpaqlarda yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis binasının tikintisi aparılıb.

Digər pozuntu faktlarına isə Bakının Xəzər rayonunda rast gəlinib.

Bunların sırasında Zirə, Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı təyinatının kobudcasına dəyişdirilməsi faktı aşkar edilib.

Belə ki, ümumilikdə 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin tikdiyi daş karxanaları müəyyən olunub. Üstəlik 100 hektar torpaq sahəsinin hamısının sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar sahənin özbaşına zəbt olunması faktı da aşkarlanıb.

Oxşar monitorinqlərin Xəzər dənizinin mühafizə zolaqlarında aparılması nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dəniz sahili zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin məhdudlaşdırılması aşkar edilib.

Komitə bəyan edir ki, bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub:  "Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib”.

Xatırladaq ki, müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş müvafiq fərman və sərəncamlar ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. 

Mia.az xəbər verir ki, Əmlak Komitəsi təkcə Bakı və Abşeronda deyil, ölkənin müxtəlif rayonlarında belə reydlər keçirib:

"Mənim məlumatıma görə, əksər rayon və şəhərlərdə belə hallar üzə çıxarılıb, onların orta ranqlı məmurlara məxsus olanları ilə bağlı yuxarıda qeyd edilən səviyyədə tədbirlər görülüb. Lakin daha iri, daha güclü məmurlara məxsus olan hektarlarla torpaq sahəsi ilə bağlı nəniki yxarıda qeyd edilən zəif tədbir, ümumiyyətlə, hər hansı bir tədbir görməyiblər.

Məsələn, komitə Abşeronun Qobu qəsəbəsində zəbt olunan ərazidə beton zavodu və ya anbar tikilməsi ilə bağlı ötərii bir fakt açıqlayıb. Ancaq komitə rəhbərliyi əla bilir ki, orada hektarlarla sahələr hasara alınıb.

Komitə sədri Kərəm Həsənovun həmyerlisi olan telekanal rəhbərindən tutmuş, digər nüfuzlu şəxslərinə qədər orada böyük sahələri ələ keçirib, hasarlayıblar.  Ancaq komitə rəhbərliyi bunları özlərinə problem yaratmamaq üçün cəmiyyətə açıqlamaqdan çəkinirlər”.

Məlumata görə, komitə sədri Kərəm Həsənov indiki həssas məqamda hər bir icra başçısının, o cümlədən iri torpaq sahələrini zəbt edən şəxslərin arxasında kimin durduğunu əla bilir və bu üzdən özünü qruplaşmaların zərbəsindən qorumaq üçün radikal addımlar ata bilmir:

"Kərəm Həsənov ən yaxşı halda reydlər zamanı toplanan faktları sənədləşdirib, dosye halında Prezident Adminsitrasiyasılna təqdim edə bilər ki, bu dosyedə də onun  bütün faktları əhatə edəcəyinə inanmaq zordur. Çünki komitə sədri əla bilir ki, onun özü barədə də elə kompromatlar var ki, həmin faktlarla onun nəinki karyerasına son verilə, hətta həmyerlisi Fərhad Əliyevin başına gələnləri yaşamasına səbəb ola bilər”.

Məlumatlı şəxs deyir ki,  Kərəm Həsənovdan fərqli olaraq, bəzi yerli icra başçıları prezidentiin müşavirədə səsləndirdiyi irad və tələblərdən istifadə edərək, daha ötkəm davranırlar:  "Lakin çox təəssüf ki, onlar da bu zaman dövlətin deyil, özlərinin maraqlarını önə çıxarırlar. Belə ki, onlar zəbt olunan torpaq sahələrinə görə, bəzi sahibkar və məmurları təhdid edərək, öz maraqlarını təmin etdirirlər”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA