Kənd təsərrüfatı ilə bağlı işçi qrup yaradıldı - İki qurum arasında anlaşma

img

14-10-2016 [12:42]


Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə ölkə prezidentinin rəhbərliyi altında bir sıra istiqamətlərdə islahatlara başlanılıb ki, onlardan biri də kənd təsərrüfatının inkişaf etdirilərək iqtisadiyyatın sabit və dayanıqlı sahələrindən birinə çevrilməsidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Mia.az-a daxil olan xəbərə görə, aqrar sektorun inkişafı, onun sabit-dayanıqlı sahəyə çevrilməsi və buraya investisiyaların cəlb edilməsi üçün tələb olunan addımlardan biri də kənd təsərrüfatındakı risklərin düzgün və səmərəli idarə edilməsidir.

Bu məqsədlərə nail olmaq üçün Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud sığorta mexanizminin yenidən qurularaq etibarlı sığorta modelinin yaradılması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatası kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. Kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi sahəsində atılan addımlardan biri də Türkiyənin TARSİM modelinin daha yaxından araşdırılması olub.

Bu sahədə görülən işlərin daha səmərəli və operativ həyata keçirilməsi, ölkə üçün ən optimal kənd təsərrüfatı sığortası modeliin müəyyən edilməsi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqədar dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi məqsədilə Palatanın təşıbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işçi qrupu yaradılıb.

Oktyabrın 4-də Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Görüş zamanı kənd təsərrüfatı sığortası mexanizminin əhəmiyyəti, mövcud problemlər, atılacaq addımlar müzakirə olunub.

Bildirilib ki, işçi qrupunun qarşısına qoyulan hədəflər qısa müddət ərzində beynəlxalq təcrübəni öyrənmək, uyğun modelin seçilməsini təmin etmək və ölkə iqtisadiyyatına töhfə verən kənd təsərrüfatını risklərdən qorunma mexanizmini yaratmaqdır.

İclasda vurğulanıb ki, kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi aqrar sahəyə biznesin marağını və investisyaları artıracaq, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə imkan verəcək.

Kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi nəticəsində əldə olunan imkanlar, yuxarıda göstərilən müsbət nəticələrlə yanaşı, kənd əhalisinin həyat səviyyəsinin artması ilə bağlı urbanizasiyanın və ölkədən miqrasiyanın qarşısını alacaq, yeni iş yerlərinin açılmasına imkan yaradacaq və kənd təsərrüfatı sahəsinə dəstək məqsədli maliyyə alətlərinin aktivləşməsinə gətirib çıxaracaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA