Oqtay Əsədovun bazçılıq etdiyi nümayəndə heyəti italiyadan qayıdıb

img

06-05-2010 [05:12]


Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti İtaliyaya rəsmi səfərdən qayıdıb. Milli Məclisin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar Əli Hüseynov, Azər Kərimli, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil olub. Səfər İtaliya Deputatlar Palatası sədrinin rəsmi dəvəti əsasında həyata keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının Sədri Cianfranko Fini ilə oldu. Oqtay Əsədov ilk növbədə dəvətə görə cənab Finiyə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan və İtaliya arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Italiya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. Danışıqlar zamanı siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlərə dair geniş fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində oldu. Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya senatının bu ilin fevralında Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə görə İtaliya tərəfinə öz minnətdarlığını bildirdi. Xatırladırıq ki, qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb. Deputatlar palatasının sədri bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoydu. O qeyd etdi ki: ?Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir?. Bu fikir bizim üçün çox dəyərlidir və bunu dünyanın çox nüfuzlu ölkələrindən birinin rəsmisinin beynəlxalq aləmə mesajı kimi də dəyərləndirmək olar. Milli Məclis Sədrinin digər görüşü İtaliya Senatı Sədrinin müavini Vannino Kiti ilə oldu. Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, regional məsələlər, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində oldu. Qeyd olundu ki, ölkələrimiz arasında qarşılıqlı səmimi münasibətlər mövcuddur ki, bu da anlaşmaya, dostluğa, və əlaqələrin hərtərəfli inkişafına zəmin yaradır. Parlamentlərimiz arasında işgüzar, səmimi münasibətlər deyilənlərin bariz nümunəsidir. Senat Sədrinin müavini ölkəsinin Azərbaycana olan marağından danışaraq ərazi bütövlüyümüzə hörmətlə yanaşdıqlarını və ölkəmizin haqq işini dəstəklədiklərini bildirib. Parlamentarilərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının daha da artırılması vacib sayılıb. Nümayəndə heyətimizin digər görüşü İtaliya Senatının Avropa İttifaqı Siyasəti Daimi Komissiyasının Sədri, İtaliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri xanım Rossana Boldi ilə oldu. İtaliyada xanım Rossana Boldinin şəxsində Azərbaycanın dostları ilə görüşməyindən məmnun olduğunu bildirən Sədr bu səfərin parlamentlərarası əlaqələrimizin bundan sonra daha da dərinləşməsinə xidmət edəcəyini qeyd etdi. Azərbaycan tərəfi hesab edir ki, İtaliya ilə həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində mövcud olan əlaqələrimizi daha da dərinləşdirmək olduqca vacibdir. Bildirildi ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Görüşdə dostluq qrupları arasında əlaqələrin canlandırılmasının, daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA