Mayın 2-si magistraturaya imtahandır

img

30-04-2010 [01:01]


Mayın 2-də ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək. İmtahanda iştirak etmək üçün 15362 bakalavr ərizə verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) MİA-ya verilən məlumata görə, bakalavrlardan 13563 nəfəri Azərbaycan, 1799 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Onlardan 9193 nəfəri 2010-cu ilin məzunudur. İmtahanda iştirak etmək üçün bakalavrlar aprelin 28-dən etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər. Qəbul imtahanı Bakı şəhərində 21, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 1 binada keçirilir. İmtahanın idarə olunması üçün 103 imtahan rəhbəri, 1081 nəzarətçi-müəllim cəlb olunub. İmtahan saat 14:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) fənni üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika (riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılır. İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçirilir və bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA