Mehriban Əliyeva Parisdə YUNESKO-nun baz direktoru irina Bokova ilə görüzüb

img

29-04-2010 [12:25]


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva aprelin 28-də Parisdə YUNESKO-nun əsas iqamətgahında bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə Mehriban xanım Əliyeva İrina Bokovanı YUNESKO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulayıb. Baş direktor İrina Bokova xoşməramlı səfir Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək, YUNESKO-nun Azərbaycan ilə sıx əməkdaşlıq etdiyindən məmnunluğunu bildirib. YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirən İrina Bokova, Azərbaycanın birinci xanımı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Baş direktor əmin olduğunu bildirmişdir ki, Mehriban xanımın səyləri sayəsində Azərbaycan ilə YUNESKO-nun əlaqələri daha da inkişaf edəcək. Bu yaxınlarda təhsil sahəsində bir neçə layihənin hazırlandığını diqqətə çatdıran YUNESKO-nun baş direktoru bu layihələrdə Mehriban xanım Əliyevanın iştirak etməsini arzulayıb. İrina Bokova qeyd edib ki, YUNESKO orta təhsil sisteminin inkişafına böyük diqqət yetirir və bununla əlaqədar bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Layihələrin əsas məqsədi bütün dünyada, xüsusən də Afrika ölkələrində qızların orta təhsil almasına nail olmaqdır. Layihələr ilə bağlı tədbirin YUNESKO-nun iqamətgahında keçirilməsi nəzərdə tutulub. İrina Bokova ölkəmizdə təhsil sahəsində bir çox mühüm layihənin reallaşmasında böyük xidmətləri olan Mehriban Əliyevanın bu tədbirdə iştirakını arzulayaraq, Azərbaycanın birinci xanımının həmin təşəbbüsə dəstək verəcəyinə ümidvar olduğunu bildirib. Mehriban xanım Əliyeva İrina Bokovanın maraqlı təklifini qəbul edərək, bu layihələrə dəstək verəcəyini söyləyib. YUNESKO-nun baş direktoru Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa dair beynəlxalq tədbirlərin əhəmiyyətini xüsusi qeyd edərək, xoşməramlı səfirə təşəkkürünü bildirmiş, belə təşəbbüslərin davam etdirilməsini arzulayıb. İrina Bokova YUNESKO ilə Azərbaycan arasında sıx əlaqələrin olduğunu bir daha vurğulamış, bu sahədə Prezident İlham Əliyevin fəaliyyətini xüsusi qeyd etmişdir. YUNESKO-nun baş direktoru demişdir ki, Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan ilə YUNESKO arasında sıx əlaqələrin olduğunu qeyd edən Mehriban xanım Əliyeva demişdir ki, ölkəmiz bundan sonra da istənilən sahədə, xüsusən də təhsil və mədəniyyət sahələrində YUNESKO-nun həyata keçirdiyi hər bir tədbirdə fəal iştirak etməyə hazırdır. Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktorunu Azərbaycana səfərə dəvət edib. İrina Bokova dəvəti məmnunluqla qəbul edərək, yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA