?Dədə Camal Məclisi?nin növbəti toplantısı keçirilib

img

26-04-2010 [01:18]


?Borçalı? İctimai Cəmiyyətinin ?Gürcüstan türkləri və Türk dünyası? mövzusuna həsr olunmuş sayca 10-cu ?Dədə Camal Məclisi? keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məclisi ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli açıb. İlk olaraq, Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Zəlimxan Məmmədli qeyd etdi ki, bu günü zəruri edən amillər çoxdur. Ermənilərin və onların himayədarlarının ?24 aprel saxta erməni soyqırım? idialları, qarabağ probleminin həllinə münasibətdə beynəlxalq güclərin səmimi olmayan münasibəti, Qüzey Kipr, kərkük, uyğur, güney Azərbaycan problemi, axıska türklərinin vətənə dönüş problemi, Borçalı problemi və s. problemlər bizim birliyimizi diktə edən əsas amillərdir. Harada türkün problemi varsa o hamımızın problemidir. Düşüncəmizə görə necə ki Borçalı problemi yalnız borçalıların deyil, bütün türk dünyasının problemidir, o dərəcədə də kərkük və ya axıskalıların və ya Türküyəyə qarşı yönələn basqılar hər bir türkə qarşı yönələn basqı kimi qavranılmalıdır. Sonra o qonaqları salamlayaraq sözü qonaqlara verdi. Məclisin rəsmi hissəsində Axısqa Türklərinin ?Vətən? Cəmiyyətinin sədri İbrahim Burhanov, Türkiyə Respublikasının Azərbaycandakı səfirinin ikinci Yunus Yılmaz, Tatarıstan respublikasının nüayəndəsi Aydın bəy, Azərbaycanın Türkiyədəki sabiq konsulu Abbas Abdulla, Millət Vəkili, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, İstanbulda Azərbaycan dayanışma dərnəyinin rəsmisi Zəfər bəy, Kərküklü Seyfəddin Çaxmaqçı, akademik Cəlal Allahverdiyev və başqaları mövzu ətrafında çıxış edərək təkliflər irəli sürdülər. Rəsmi hissənin sonunda ?Borçalı? Cəmiyyətinin sədr müavini Ramiz Həsənov ümumiləşdirilmiş bəyanat layihəsini məclis iştirakçılarının nəzərinə çatdırdı və bəyanat yekdilliklə qəbul olundu. Bəyanətdə deyilir: ?Tarixin ən əski çağlarından başlayaraq sivil düşüncənin ən ali dəyərləri olan dövlətçilik, sosial idarəetmə, haqq-ədalət kimi fenomenlərin, habelə insanların mənəvi birliyini yaradan vahid fövqal güc kimi Göy Tanrıya inam üzərində qurulan mənəvi-əxlaqi sistemin yaradıcısı, daşıyıcısı və yayıcısı olan qüdrətli türk təfəkkürü və xarakteri öz əzəli və tarixi missiyasını bu gündə xaqanlarımızın vəsiyyət etdikləri ?Torpağını, xalqını, dövlətini qoru? yaxud ?bir olalım, iri olalım, diri olalım? çağrış və vəsiyyətlərinə tarixin bütün keşməkeşlərində əməl olunduğu kimi, bu gün də əməl olunur və gələnəyin əbədi olacağına inanırıq. Biz əminik ki, milli-mənəvi zəmində birlik istəyimiz hər hansı məhdud milli eqoizmdən yox, bütövlükdə insanlığın və dünyanın xilası kimi tarixi missiyamız dərkindən doğur. Şərqi Türküstandan Altaya, Mərkəzi Asiyadan Qafqaza, Ön Asiyadan Orta Şərqə uzanan, bütövlükdə Asiya və Avropanı qurşaq kimi dolanan azman bir arealda və məkanda hər qarış torpağa öz düşüncə və inanc möhürünü vuran Türk etnosları öz tarixi dədə-baba torpaqlarında zaman-zaman milli dövlətlər qursalar da, bu gün başqa dövlətlərin içində basqıda qalanlar, yaxud anlaşma içində yaşayanlar da az deyildir. Inanırıq ki, qlobal dünyada demokratik düşüncənin tədricən zəfər çalması həmin türk etnoslarının da milli-tarixi haqqının bərpasına kömək edəcəkdir. Bu gün Axısqa türkləri tarixi torpaqlarında uyuyan əcdadlarının ruhunun çağırışını eşitdikləri kimi, tezliklə Qarabağ türklərinin, habelə Qərbi Azərbaycan (Ermənistan) türklərinin də bu əcdad yurda daha böyük enerji ilə dönməsi ilə tamamlanıb. Bu gələnək məhz onun dünyada bənzərsiz elat mədəniyyəti yaradan elat dünyaqavrayışının təzahürürdür. Türk xalqlarının dünya çapında ümumbəşəri və sosial-milli ədalət uğrunda biriliyi həm də dünyanın ermənizm kimi epidemiyasından xilası üçün zəruri və gərəklidir. Azərbaycanda, daha sonra isə Gürcüstanda yayılan bu ermənizm epidemiyası başqa dövlətlərin ərazisinə də keçə bilər. Ermənilərin saxta soyqırım iddialarının arxasında əslində bəzi dünya dövlətlərinin məkrli niyyətlərinin dayandığını öz-özlüyündə müvafiq hadisələrin öz məntiqi təsdiq edir. Bunu artıq miskin təfəkkürlü oyuncaq bir xalqın yox, türkün gəlişməsinə küsənən siyasilərin birləşmiş mövqeyinin olduğu gün kimi aydındır. Bu isə mahiyyətcə Türkiyəyə yox, bütövlükdə türkə yönəlmiş gizli düşmənçiliyin hələlik mümkün təzahür formasıdır. Dünyanın bu ədalətsiz həmləsindən zamanında və etibarlı qorunma zərurəti də türkün yalnız mədəniyyət, elm və mənəviyyatda yox, siyasətdə də birliyini tələb edən amilə çevrilməkdədir. Yaşasın dünyanın xilası naminə Türk birliyi!? İkinci hissə: bədii hissədə Zəlimxan Məmmədli Aşıq Cahangir Quliyevin 50 illik yubileyi ilə bağlı onu cəmiyyət adından təbrik edərək ona hədiyyələrini çatdırdı və bədii hissə aşıq Cahangirin ifasında başladı. Sonra cəmiyyətin sədr müavini Asif Ozanın aparıcılığı ilə bədii hissə öz axarı ilə davam etdi. Bədii hissədə Şəmistan Əlizamanlının ?Nuru Paşa? marşı, Nuriyyə Hüseynova ilə birgə dueti, ?Savalan? musiqi qrupunun, Tatarıstan ?Yaratıqız? estrada ansamblının, Kərküklü folklorşünas, bəstəkar, musiqiçi Seyfəddin Çakmakçının və aşıqların ifaları dinlənildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA