"Akademiya tapzırıqla, pulla, qohumbazlıqla elm sahəsinə gətirilmiz insanlardan təmizlənməlidir"

img

25-04-2010 [07:40]


[b]Nizami Süleymanov: "Əgər plagiatlıq, elmi oğurluq varsa, ona rəy vermiş elmi rəhbər, onun opponentləri ciddi cəzalandırılmalıdır"[/b] Prezident Administarsiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət öncə dərc olunan məqaləsi elm sahəsində olan çatışmazlıqlara diqqəti daha da artırdı. Elə bu günlərdə Ali Attestasiya Komissiyasının aşkarladığı plagiat elmi işlər də bu sahədə ciddi problemlərin olduğunu göstərir. Elm sahəsindəki problemlərlə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, akademik Nizami Süleymanov söhbətə elmə az vəsait ayrılmasından başladı: - Akademiyanın prezidenti mətbuatda çıxışında da qeyd etmişdi ki, elmə ayrılan vəsait artırılsa, daha yaxşı olar. Həqiqətən də bu gün elmə ayrılan vəsait tələbatdan aşağıdır. Bu da elmi-tədqiqat işlərində avadanlıqların yenilənməsi, elmi məzuniyyətlərin, xaricdə elmi tədqiqatların aparılmasına müəyyən əngəllər törədir. Elm o vaxt daha güclü olur ki, alimlər dünya elmində olan ən yüksək texnologiyalardan istifadə edə bilsinlər. Çox təəssüf ki, bizim alimlər illərlə bu imkandan məhrum olublar. Sovet dönəmində istədin-istəmədin, hətta məcburi qaydada idi, istər kafedra müdirisən, istər akademiyada şöbə müdirisən, nə titula sahib olursansa, ol, bir neçə ildən bir elmi ixtisas artırmaya getməli idin. Təəssüf ki, maddi çətinliklər üzündən bunların heç biri indi yoxdur. Bundan başqa, sovet dönəmində dissertasiyalara, elmi-tədqiqat işlərinə tələbat indikindən qat-qat çox idi. O zaman saxta alimlərin, elmə aid olmayan insanların bu sahəyə gəlməsinin qarşısı alınırdı. Mən demirəm ki, o vaxt saxta alim söhbəti yox idi, amma indiki səviyyədə deyildi. [b]- İndi bəzi deputatlar, vəzifə sahibləri, iş adamları da elmi ad almaq üçün pul verib dissertasiya yazdırırlar... [/b] - Razıyam. Bu gün bəziləri elmi bazara çevirib. Hər yoldan ötən elmi ad alır, elə bil ki, bazardan kartof-soğan alırlar. Yəni elmə o cür münasibətlə yanaşırlar. Elə bilirlər ki, gedib bazardan pul verib 5 kq kartof, 2 kq soğan, qoz ləpəsi, fındıq, çərəz-mərəz aldığı kimi, elmi ad alacaq. Bəzi məmurlar var ki, Həcc ziyarətinə getməklə titula sahib olurlar. Hətta elələri var ki, 6-7 qat hacıdır. Ay qardaş, əgər Allah qatında yaxşı olmaq istəyirsənsə, o qədər kasıb var ki, onu göndər də. Son dövrlər də alim adı almağı dəbə salıblar. Çox təəssüf ki, elm sahəsində belə bir vəziyyət yaranıb. Azərbaycan elmi həmişə dünyada məhşur olub. Xüsusən neft sahəsində, Yusif Məmmədəliyevi yadınıza salın, fizika sahəsində Həsən Abdullayevdən hələ də bəhrələnirlər. O nəslin nümayəndələrinin bir qismi hələ də sağdır və onların məktəbindən istifadə olunmalıdır. Bir məsələni də qeyd etmək istəyirəm. Bir alimin laboratoriyada oturub iş yazması, müdafiə etməsi onun dar çərçivədə qapanıb qalmasına səbəb olur. Hesab edirəm ki, ən azı elmlər namizədi adını almaq istəyənlər gedib xaricdə müəyyən laboratoriyalarda işlər aparmalıdır, alimlərin mühazirələrində, seminarlarında iştirak etməlidirlər. Mənim yadımdadır ki, Moskva Ali Texniki Məktəbində bizim rəhbərimiz məcbur edirdi ki, nəinki həmin ali məktəbdə, Moskvada nə qədər aparıcı alimlər var idisə, onların mühazirələrində iştirak edək. Bizə aparıcı istehsalat müəssisələrində təcrübələr apartdırırdılar. Biz belə məktəb keçmişik. Amma indi gözünü açırsan ki, filankəs elmlər namizədidir, filankəs doktordur, professordur və s. [b]- Nizami müəllim, Sizcə, elmə bazar münasibəti ilə yanaşılma vəziyyətini kim yaradıb? [/b] - Keçid dövründə bəzən belə hallar baş verir. Amma bu keçdin iqtisadiyyatda, başqa sahələrdə "ağsamalar"ı olsa da, gərək elmdə buna yol verilməsin. Bunun səbəbləri nə qədər tez aradan qaldırılsa, bir o qədər yaxşı olar. Təəssüf ki, insanların düşüncələrində də elmə münasibət korlanıb. Mən deməzdim ki, elmə gələnlərin hamısı belədir. O isanlar ki, dissertasiyanı yazdırtdırır, yaxud hardansa köçürür, oğurlayır, onların elmə dəxli yoxdur. Elə bil ki, birinin evinə girib pulunu, qiymətli əşyasını oğurlayırsan. Mənim aləmimdə cibgirin, ev oğrusunun, pul oğrusunun plagiat alimdən heç bir fərqi yoxdur. O, heç olmasa, əşya oğurlayır, amma digərləri insanların beyninin məhslunu oğurlayırlar. Bax, bu daha təhlükəlidir. Belə adamların elm sahəsinə soxulmasının qarşısı nə qədər tez alınarsa, təhlükə də bir o qədər tez sovuşar. Hesab edirəm ki, dövlətin aidiyyatı qurumları bununla ciddi şəkildə məşğul olmalıdır. [b]- Akademik Ramiz Mehdiyev bir müddət öncə elm sahəsindəki neqativ hallarla bağlı məqalə ilə çıxış etmişdi. Sizin həmin məqalədəki fikirlərə münasibətiniz necədir? [/b] - Çox müsbət. Mən, Ramiz müəllimin o fikirləri ilə tamamiylə razıyam. Həmin məqalədə elmdə olan nöqsanlar göstərilir və bildirilir ki, bunlar aradan qaldırılmalıdır. Düşünürəm ki, sağlam düşüncəli alimlərin hamısı bu fikirlərlə razıdırlar. Ramiz Mehdiyev həm də dövlət adımıdır, mənə el gəlir ki, o, nəinki bir akademik kimi, həm də dövlətin baxışını ifadə eləmiş oldu. Məncə, bundan sonra elmdəki neqativ halların aradan qaldırılması üçün daha ciddi addımlar atılacaq. [b]- Son dövrlər elm sahəsində yaranan problemlər, yalançı alimlər, plagiat işlərin ortaya çıxması AMEA-nı hədəfə çevirib. Hətta AMEA-nın bağlanması təklifini səsləndirənlər də var...[/b] - Neqativ hallar təkcə Elmlər Akademiyasında deyil, ali təhsil ocaqlarında da var. Hətta elmə aid olmayan, məmur vəzifələrində çalışan, nə Akademiya, nə ali məktəbə aidiyyatı olmayanlar da dissertasiya müdafiə edirlər. Ona görə də söylənənləri yalnız Elmlər Akademiyasının üstünə atmaq lazım deyil. Bildiyiniz kimi, Elmlər Akademiyasının rəhbərliyi də bu hallara qarşı mübarizə aparır və AMEA przedidenti Mahmud Kərimov da çıxışlarında dəfələrlə açıq şəkildə fikirlərini bildirib. Elmlər Akademiyasının bağlanması na gəldikdə isə, belə bir addım atılsa, bu, böyük faciə olardı. Çünki təməl elmlər - istər humanitar, istər dəqiq elm sahələrində Elmlər Akademiyasındakı elmi məktəblər, laboratoriyalar, intitutlar qorunub saxlanmalıdır. O başqa məsələdir ki, müəyyən islahatlar aparılsın, lazımsız ştatlar ləğv edilsin. Eyni zamanda Akademiya elmə soxulmuş, tanışlıqla, tapşırıqla, pulla, qohumbazlıqla elm sahəsinə gətirilmiş insanlardan təmizlənməlidir. [b]- Bunun üçün Nizami Süleymanov nə təklif edir? [/b] - Artıq Ali Attestasiya Komissiyası bu işlə ciddi şəkildə məşğul olmağa başlayıb. Amma hesab edirəm ki, bu iş çox sürətlənməlidir. Dissertasiyalara olan tələbat həddindən artıq dirçəldilməlidir. Mən təklif edərdim ki, xüsusən dəqiq elmlər sahəsindəki dissertasiyalara rəylər təkcə Azərbaycanın daxilindən yox, başqa ölkələrin aparıcı elmi mərkəzlərində verilməlidir. Yəni bunu təkcə öz mətbəximizdə bişirib verməklə nəyəsə nail olmaq mümkün deyil. Bu, Azərbaycanın dadlı yeməkləri plov, qovurma, dolma deyil, bu, elmdir. Elm də dünya üçündür, tək Azərbaycan üçün deyil. Yəni mədəniyyət və incəsənətimizlə paralel olaraq, nüfuzumuzu elm sahsində də göstərməliyik. Bir də dissertasiyalara məsul şəxslər olmalıdır. Əgər plagiatlıq, elmi oğurluq varsa, ona rəyə vermiş elmi rəhbər, onun opponentləri ciddi cəzalandırılmalıdır. Necə ola bilər, elmi rəhbər onun dissertasiya işini oxuyursa və tapa bilmirsə ki, burada köçürülmə, oğurluq var və bunu kimsə sonradan aşkar edirsə, o rəhbər, opponentlər, ümumiyyətlə, həmin elmi şura ciddi cəzalandırılmalıdır. [b]- Cəza mexanizmi necə olmalıdır? [/b] - Məsələn, elmi rəhbər birdəfəlik elmi rəhbər hüququndan məhrum olmalıdır, opponentlər də onun kimi, həmin elmi şura bağlanmalıdır. Bu iş kimlərin əlindən gəlib keçibsə, rəy vermiş insanlar rəy vermək hüququndan məhrum olmalıdır. Bu cür addımlar növbəti dəfə belə halların təkrarlanmamasına ciddi təsir göstərə bilər. Əgər həqiqi alimdirsə, dünya elmindən xəbəri varsa, o bilməlidir ki, bu, kiminsə işidir, rəy verməməlidir. Əgər bunu etmirsə, deməli, burada hansısa qeyri-qanuni məqsəd var. Bu gün dövlət oğrunun-quldurun qarşısını almaq üçün hüquq-mühafizə orqanlarını yaradıbsa, elmdə, intellektual sahədəki oğurluğun, əyriliyin qarşısını da dövlət bu yolla almalıdır. Müəyyən sərəncamlar, qərarlar verilməlidir, yoxsa belə getsə, saxta alimlərin arasında itib batacağıq. Alim hər dövlətin simasıdır. Roma imperiyası indi yoxdur, amma o vaxt yaşamış alimlərin adı hələ də tarixdə qalıb. Biz də çalışmalıyıq ki, Azərbaycan öz həqiqi alimləri ilə dünyada tanınsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA