AMEA Rəyasət Heyətinin iclası keçirilib

img

22-04-2010 [06:08]


Bu gün AMEA Rəyasət Heyətinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda AMEA Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov ?Polimer matrisalı nano- və mikropyezokompozitlər əsasında hibrid pyezoelektriklər? adlı elmi məruzə ilə çıxış edib. O bildirib ki, nanotexnologiyalar və nanoölçülü fazaya malik müxtəlif matrisalı nanokompozitlər müasir elmin ən qabaqcıl və intensiv inkişaf edən istiqamətlərindən biridir. Nanotexnologiyanın nailiyyəti, nanokompozitlərin və nanoölçülü hissəciklərin alınma texnologiyalarının aparıcı ölkələrdə üçüncü elmi-texniki inqilab kimi qəbul olunduğunu və onların inkişaf etdirilməsinə ümummilli məsələ kimi baxıldığını söyləyən M.Qurbanov nanotexnologiyanın və nanokompozitlərin alınma texnologiyasının inkişafının matrisalı nanodielektrik və mikropyezoelektrik kompozitlərin hibridi əsasında yeni sinif aktiv kompozitlərin işlənilməsinə imkan verdiyini bildirib. O, bu problemin həlli üçün polimer nanoelektrik kompozitin alınması, nanoölçülü hissəciklərin polimer fazada immobilizasiyası və bircins paylanmasının daha effektiv texnologiyalarının işlənməsi, polimer zəncirində nanohissəciklərin stabilləşdirilməsi üçün oksigen mənşəli funksional kiçik molekullu birləşmələrdən ibarət aktiv mərkəzlərin yaradılması texnologiyasının işlənməsi məsələlərinin həll edilməli olduğunu qeyd edib. M.Qurbanov çıxışının sonunda AMEA Fizika İnstitutunda göstərilən məsələlərin həlli istiqamətində diqqətəlayiq nailiyyətlərin əldə edildiyini və hibrid nano- və mikropyezoelektrik yeni sinif materialların və onların əsasında müxtəlif funksiyalı çeviricilərin yaradıldığını nəzərə çatdırıb. Elmi məruzə ətrafında müzakirələr aparıldı, məruzəçi akademiklər Mahmud Kərimov, Arif Həşimov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Adil Qəribovun suallarını ətraflı cavablandırıb. Sonra AMEA RH-ın qərarı ilə AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Sabit Kərimov, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, tarix elmləri doktoru Şahin Fərzəliyev, filologiya elmləri doktoru Kamilə Vəliyeva, fizika-riyaziyyat elmləri doktoru Rauf Hüseynov, fizika-riyaziyyat elmləri namizədi Rəvan Mehdiyeva, biologiya elmləri namizədi A.Dmitrenko AMEA-nın Fəxri Fərmanı ilə təltif olundular. AMEA Fizika İnstitutunda ?Yarımkeçirici materialların texnologiyası? və ?Günəş və hidrogen enerjisinin çevriciləri? laboratoriyalarının yaradılması, ?Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası? seriyasından kitabların hazırlanması və nəşri, Mərdəkan Dendrarisinin Elmi Şurasının yeni tərkibi və AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında AMEA RH qərar verib. Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA