Rusiya universitetlərinə sənəd qəbuluna start verildi

img

22-04-2010 [03:24]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üzrə Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir. İddiaçılar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları ?Elektron ərizə?ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. TQDK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, qeydiyyat mayın 3-dən 11-dək aparılır. İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyentlər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün istifadə etdikləri TQDK-nın ?Ödəmə kartı?nı, orta təhsil haqqında sənədin əslini (2010-cu ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı), şəxsiyyət vəsiqəsini, hərbi bilet və ya çağırışçı şəhadətnaməsini, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayışı SQK-ya təqdim edir. Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Test imtahanı 2010-cu il mayın 15-də keçiriləcək. Abituriyentlərə ?İmtahana buraxılış vərəqəsi? 13 və 14 may tarixlərində veriləcəkdir. İmtahan nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2010-cu il mayın 17-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA