Prezident İlham Əliyev "2016-cı ildə vergi
sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi
inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış
genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret
hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq
standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail
olunmuşdur. Azərbaycan Respublikasında çevik və səmərəli vergi
siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası
yaradılmış və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə
uzlaşdırılmışdır. Azərbaycanın vergi sistemi dünyanın qabaqcıl
ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə
təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 növ
elektron xidmət göstərir.
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və
şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin
yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun
olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində
islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da
təkmilləşdirilməsi zəruridir.
1. "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi üç ay müddətində:
2.1. "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların
istiqamətləri” nəzərə alınmaqla vergi qanunvericiliyinin
təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə
kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl
olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı
təkmilləşdirsin;
2.3. vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin
rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin,
habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin
etsin;
2.4. nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etsin, həmin vergi
ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirsin və ünvanlı
xidmətlərin əhatə dairəsini genişləndirsin;
2.5. vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və
vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız
vergi ödəyiciləri ilə bağlı məlumatları Azərbaycan Respublikası
Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirərək
ictimaiyyətə açıqlasın;
2.6. vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın
minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini
genişləndirsin və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətini
artırsın;
2.7. müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən
xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq
olunan "Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti)
funksiyalarının tətbiqini təmin etsin;
2.8. real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin
keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin
edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən
istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə,
təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları
üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemini
yaratsın;
2.9. borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və
onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və
maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi
ödəyicilərinin maarifləndirilməsini və inzibatçılığın
təkmilləşdirilməsini təmin etsin;
2.10. vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin
səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formalarını
təkmilləşdirsin;
2.11. vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi
məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi
vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının
alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya
bərpası kimi xidmətlər göstərilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu
Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə
beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
4.1. üç ay müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə
birlikdə Vergilər Nazirliyinin fəaliyyətində səmərəliliyin artırılması
və dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı
icra olunmayan məhkəmə qərarlarının icrası məqsədilə qanunvericiliyin
bu sahədə tələbini pozan şəxslər barəsində tədbirlərin daha operativ
şəkildə həyata keçirilməsini, bununla bağlı icraat prosesinin
sadələşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə
dair təkliflərin verilməsini və icra olunmamış məhkəmə qərarlarının
sayının azaldılması üçün daha çevik mexanizmlərin müəyyən edilməsini
təmin etsin;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin
edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri
2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri aşağıdakılardır:
1. qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin
optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da
yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın
yüngülləşdirilməsi;
2. kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə
rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə
pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə
dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə
malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab
edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı
qanunvericiliyə dəyişikliklərin edilməsi;
3. topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi;
4. Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə
turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası
ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması
("Tax free”) sisteminin hava limanından başqa digər sərhəd buraxılış
məntəqələrində də tətbiq olunması;
5. beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə
dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin,
xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə
dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi;
6. vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq
münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha
dəqiq müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş
tətbiq olunan "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl
vergi orqanları ilə razılaşdırılması” ("Advance tax ruling”) qaydasının
müəyyən edilməsi;
7. kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama
metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata
keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30
gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral
vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30
gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin
bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz);
8. vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq
təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma ("Whistleblow”)
mexanizminin hazırlanması;
9. vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən
yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş
tətbiq olunan "Könüllü vergi açıqlaması” ("Voluntary tax disclosure”)
sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması;
10. ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını
gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız
əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların
məhdudlaşdırılması;
11. beynəlxalq təcrübə nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən
xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarını
aradan qaldırmaq məqsədilə qanunvericilik bazasının yaradılması;
12. beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları
nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət
sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa
aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi
öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi;
13. vergi ödəyicilərinin fəaliyyətini səmərəli təşkil etmək və inzibati
xərclərini azaltmaq məqsədilə dövlət orqanlarına verilən hesabatların
sadələşdirilməklə elektron qaydada vahid mərkəzdən paylanması üçün
beynəlxalq təcrübədə geniş tətbiq olunan "Vahid hesabat standartı”
(Common Reporting Standard) sisteminin tətbiq olunması mexanizminin
hazırlanması;
14. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat
vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin
inzibatçılığı qaydalarının sadələşdirilməsi;
15. şəffaflığı artırmaq və vergitutma bazasını genişləndirmək üçün
beynəlxalq təcrübədə geniş tətbiq olunan "rəqəmsal iqtisadiyyatın”
(digital economy) vergiyə cəlb edilməsi;
16. vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda elektron qaimə-faktura sisteminin tətbiqi;
17. kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi
güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədilə kənd
təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən
edilməsi;
18. ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb
olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata
keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik
mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması;
19. vergi ödəyicisinin vergitutma obyektlərini şəffaf şəkildə vergiyə
cəlb etmək və vergitutma bazasının gizlədilməsinin qarşısını almaq
məqsədilə vergi qanunvericiliyində hüquqlardan sui-istifadə əleyhinə
müddəaların ("Anti-avoidance rules”) beynəlxalq təcrübəyə
uyğunlaşdırılması;
20. Azərbaycan Respublikası rezidentlərinin vergi güzəşti olan xarici
ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində
(ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlarına
səmərəli vergi nəzarəti mexanizmlərinin qurulması;
21. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu
çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək
beynəlxalq reytinq əldə etmək və bu reytinqi daima saxlamaq məqsədilə
qanunvericiliyin təkmilləşdirilməsi.