DSMF-nin sabiq sədri niyə ərizə yazıb? - Elman Mehdiyevlə bağlı ilginc fakt

img

13-07-2016 [16:10]


Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yeni direktor və müavinlər təyin edilib.

Belə ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu gün imzaladığı əmrə əsasən, bu günə qədər DSMF-də müavin olan Zakir Hadı oğlu Babayev Dövlət Sosial Müdafiə Fondunun direktoru təyin edilib.

Nazirin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov sözügedən fondda direktor müavinləri vəzifələrinə təyin olunublar.

Maraqlıdır, bu əmrə qədər DSMF-yə rəhbərlik edən Elman Mehdiyev hansısa vəzifəyə təyin olunub? Ümumiyətlə, nazir ona niyə etimad göstərməyib?

Bu və ya digər məqamlarla bağlı Mia.az-ın əldə etdiyi məlumata görə, Elman Mehdiyev DSMF-nin nazirliyə birləşdirilməsindən sonra bu qurumda yenidən direktor olmaq şansı olsa da, o, hansısa səbəbdən ərizə yazaraq vəzifədən gedib...

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Dövlət başçısının "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 24 iyun 2016-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilib. Əsasnamənin 5.2-ci maddəsinə əsasən, Fonda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Fondun direktoru rəhbərlik edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA