Qarabağ ətrafında nə baş verir? - Şərh

img

13-07-2016 [11:01]


"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi növbəti intensivləşmə mərhələsinə qədəm qoyub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra münaqişənin həllində yeni mərhələnin başladığını inamla söyləyə bilərik”.

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında siyasi şərhçi Şahin Cəfərli Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin əhəmiyyətindən danışarkən deyib. O qeyd edib ki, tərəflər aprel döyüşlərindən sonra həmsədr dövlətlərin məsələyə ciddi müdaxiləsi, hətta müəyyən mənada təzyiqi ilə masaya oturublar və problemin siyasi üsulla həlli yenidən öncəlik qazanıb: "Diqqət edirsinizsə, Azərbaycan rəhbərliyinin bəyanatlarında, çıxışlarında müharibə ritorikası da zəifləyib. Təmas xəttində atəşkəs pozuntularının minimal səviyyəyə enməsi, bəzən isə heç bir pozuntunun baş verməməsi də göstərir ki, sülh prosesi doğrudan da ölü nöqtədən tərpənib və nizamlanma prosesində irəliləyiş var. Azərbaycan və Rusiya xarici işlər nazirlərinin açıqlamalarının sətiraltı mənalarına diqqət yetirsək, masada hansısa sənəd layihəsinin olduğunu anlaya bilərik. Lavrovun "məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirəyə çıxarmırıq”, sözləri də bunu təsdiqləyir. Təmas xəttində insidentlərə son qoyulması üçün mexanizm yaradılması ilə bərabər, həm də münaqişənin həllinə yönəlmiş təkliflərin müzakirəsinə başlandığı ortadadır. Azərbaycan tərəfi bildirir ki, əvvəllər bu səviyyədə intensiv və aktiv dialoq olmayıb. Lakin mən bu fikirlə razı deyiləm.

Münaqişənin tarixçəsinə nəzər salsaq, görərik ki, buna bənzər dönəmlər əvvəllər də olub. Məsələn, Rusiyanın patronajlığı ilə aparılan danışıqlarda gündəmə gələn və razılaşdırılan Mayendorf deklarasiyasını (2008), Həştərxan bəyanatını (2010), Kazan sənədini (2011) misal kimi göstərmək olar. Daha əvvələ qayıtsaq, Heydər Əliyev və Robert Köçəryan arasında gedən danışıqları, 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində tərəflərin münaqişənin həllinə çox yaxınlaşmasını yada salmaq olar. Lakin nəticəni hamımız bilirik. Bu dəfə də ola bilsin ki, münaqişənin həlli ilə bağlı ümumi prinsiplərin əks olunduğu bir sənəd razılaşdırılsın və prezidentlər tərəfindən imzalansın. Lakin bunun əvvəlki sənədlərdən fərqi nə olacaq? Münaqişənin həllinə dair tərəflərin üzərinə hüquqi öhdəlik qoyacaq, icrası məcburi olacaq konkret bir plan imzalanacaqmı? Hələlik əlimizdə ətraflı məlumatlar olmadığı üçün hazırkı prosesin necə nəticələnəcəyini proqnozlaşdırmaqda açığı, çətinlik çəkirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA