Türkiyə ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilir

img

13-04-2010 [06:30]


2010/2011-ci tədris ili üçün Türkiyə universitetlərinin magistraturalarına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Türkiyənin ali təhsil müəssisələrinin magistraturalarına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsini bitirmiş və ya cari ildə bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2010-cu il tarixinədək yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər. Dövlət hesabına təhsil alan magistrantlar və magistrlər, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər. Türkiyə universitetlərinin magistraturalarına qəbul olunmaq istəyən bakalavrlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini müvəffəqiyyətlə keçdikdən sonra 11-14 may 2010-cu il müddətində TQDK-ya şəxsiyyət vəsiqəsini və hərbi mükəlləfiyyəti olanlar hərbi xidmət haqqında sənədini təqdim edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən bakalavrlar ixtisaslaşma seçimi mərhələsində Azərbaycan Respublikasının ali məktəblərinin magistratura səviyyəsinə qəbul olunmaq üçün nəzərdə tutulmuş elektron ərizədə magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodları ilə yanaşı, Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodlarını da göstərə bilərlər. Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarına müsabiqə Azərbaycan universitetlərinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının müsabiqəsi ilə birgə aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA