Vizalarla bağlı dəyişiklik oldu - Prezident təsdiqlədi

img

24-06-2016 [16:24]


Azərbaycana giriş vizasının rüsumunu 50 dollardan 20 dollara endirən qanun qüvvəyə minib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün ""Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunu təsdiqləyib.

İndiyə qədər Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib.

Dəyişikliyə əsasən, bu məbləğin 20 dollara endirilib. Digər tərəfdən, indiyə qədər turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı müddəalar ləğv edilib. Qüvvəyə minən yeni qanuna əsasən bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək.

**** 

Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi qaydası qüvvəyə minib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Qaydaya əsasən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra Azərbaycanın "Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidir. Müvafiq icra hakimiyyəti orqanı müraciətin "ASAN Viza” sisteminə daxil olduğu vaxtdan ən geci 3 iş günü keçənədək məlumatları yoxlayır, "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparır, razılaşdırılma məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının rəyini alır.

Elektron vizanın verilməsi barədə müraciətə bu nəzərdə tutulmuş müddətdə və qaydada baxılır, viza rəsmiləşdirilərək "ASAN Viza” sistemi vasitəsilə müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir və ya viza verilməsindən imtina edildikdə bu barədə məlumat verilir. Elektron viza pasporta yapışdırılmır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan ərazisinə daxil olması və Azərbaycan ərazisini tərk etməsi barədə qeyd aparılır. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər. "ASAN Viza” sistemi fəaliyyətə başlayanadək turistlərə turizm şirkətləri vasitəsi ilə elektron vizaların verilməsinin mövcud sistemi öz fəaliyyətini davam etdirir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA