Qaçqınlar yolu bağladı: “Qızlarımız qamışlıqda çimir” - Video - Yenilənib

img

16-06-2016 [13:14]


Füzulidən olan 30-dək məcburi köçkün Beyləqanda rayonun mərkəzi yolunu bağlayıb.

Köçkünlərin etirazına səbəb məskunlaşdıqları keçmiş Kəndtikinti Açıqtipli Səhmdar Cəmiyyətinin ərazisində tikinti işlərinin aparılmasına icazə verilməməsidir.

"23 ildir burada yaşayırıq. Biz qaldığımız müddətdə buranı söküb daşıdılar. Onların ehtiyatsızlığı ucbatından azyaşlı uşağımız betonun altında qaldı öldü. 18 yaşında qızlarımız qamışlıqda çimir. Özümüz torpağın üzərində yatırıq. Biz istəyirik ki, öz hesabımıza olsa da bir ev tikək. Lakin bizi incidirlər. Ev tikməyimizə mane olurlar. Kim inanmırsa gəlsin bizim yaşayış tərzimizə baxsın”(AzNews.az).



****

Mətbuatda yayılan məlumatlara görə, Füzuli rayonundan olan bir qrup məcburi köçkün yaşayış şəraitinin pis olmasına etiraz edərək Beyləqan rayonunda mərkəzi yolu bağlayıb.

Köçkünlər iddia edirlər ki, rayon ərazisində öz hesablarına ev tikmək istəsələr də, onlara maneçilik yaradılır.

Füzuli rayon İcra Hakimiyyəti məcburi köçkünlərin etirazına münasibət bildirib. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qənimət Əliyev azvisiona-a bildirib ki, Beyləqan rayonu ərazisində kanal və yola yaxın hissədə məskunlaşan Füzulidən olan məcburi köçkünlərin hər birinin yaşayış şəraiti normaldır.

"Respublikanın 58 rayon və şəhərində Füzulidən olan məcburi köçkünlər məskunlaşıb. Elə bir bölgə yoxdur ki, orda bizim səlahiyyətli nümayəndəmiz olmasın, onlarla iş aparılmasın. Rayonun ərazisində Sovet dönəmindən tikilən Fin şəhərciyinin yanında Nazirlər Kabinetinin qərarı ilə 400 evdən ibarət yeni qəsəbə tikilir. Hazırda sürətlə tikinti işləri gedir, mayın 17-də Baş nazirin müavini Əli Həsənov işlərin gedişi ilə şəxsən maraqlanıb. Sadəcə yeni tikilən qəsəbə Fin şəhərciyində yaşayan aillər üçündür. Yol kənarında yaşayanlar da özləri üçün belə şəhərcik tikilməyini işləyir. Siyahı tutulub, rayon və şəhərlərdə yaşayan məcburi köçkünlərin siyahısı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də var. Növbəlik qaydasında onlar da evlə təmin olunacaq. Onların yaşayışları və dolanışıqlarında problem yoxdur”.

Şöbə müdiri köçkünlərə ev tikmək üçün icazə verilməməsinə də aydınlıq gətirib: "Onlar bu yerlərdə müvəqqəti məskunlaşıblar. Yeni evlər, qəsəbələr salınacaq və onlar zamanla evlə təmin olunacaqlar. Bu iş mərhələli şəkildə həyata keçiriləcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA