Nazir rəisləri topladı - Penitensiar Xidmətdə müşavirə

img

13-06-2016 [17:45]


Ədliyyə naziri Fikrət Məmmədovun iştirakı ilə Penitensiar Xidmətdə geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Penitensiar Xidmətin, Tibb baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər şəxslərinin, bütün cəzaçəkmə müəssisələri rəislərinin iştirak etdiyi tədbirdə çıxış edən nazir son illər penitensiar sistemin inkişafı üzrə aparılan islahatlar barədə məlumat verib.

Bildirilib ki, aparılan islahatlar nəticəsində cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilib, saxlanma şəraiti, tibbi və digər təminatları yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində həmçinin, məhkumların sosial reabilitasiyası, cəmiyyətə qovuşmasının asanlaşdırılması məqsədilə paytaxtda və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir tipli penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib və bu sahədə işlər davam etdirilir.

İclasda Penitensiar xidmətin yeni təyin olunmuş rəisi - ədliyyə nazirinin müavini Ceyhun Həsənov kollektivə təqdim olunub. C.Həsənov çıxış edərək, göstərilmiş yüksək etimadı doğruldacağını, penitensiar sistemdə mütərəqqi islahatların davam etdirilməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA