isa Qəmbəri növbəti dəfə Hacıbala Abutalıbova müraciət etdi

img

06-04-2010 [06:37]


Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciət aksiyalarla bağlı obyektiv və qanuni mövqe tutulması xahiş olunub. ?12 mart 2010-cu il tarixdə Sizə məktub göndərərək, ölkənin bir sıra ümummilli problemləri, ərazilərimizin işğalı ilə əlaqədar yaranmış indiki şərait, vüsət almış korrupsiya və maliyyə böhranının ağır nəticələri, eyni zamanda 2010-cu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı bir sıra demokratik dəyişikliklərin edilməsi və digər tələblərlə kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılmasını xahiş etmişəm. Məktubda son illərdə piketlərin, yürüşlərin, mitinqlərin keçirilməsi üçün məqbul yerlərin ayrılmaması, belə tədbirlərin keçirilməsi ilə əlaqədar müraciətlərin əksəriyyətinə qanuna və Konstitusiyaya zidd olaraq rədd cavabı verilməsi, bəzi hallarda belə tədbirlərin keçirilməsi üçün məqbul olmayan ərazilərin göstərilməsi fundamental demokratik hüquqlardan hesab olunan sərbəst toplaşmaq hüququnun ölkədə faktiki olaraq ləğv edilməsi ilə nəticələnməsini də nəzərinizə çatdırmışam. Bütün bunları nəzərə alaraq, əvvəllər yürüş və mitiqlərin keçirildiyi (?Nərimanov? kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, S.Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş ?Qələbə? kinoteatrı qarşısındakı meydan, ?Təbriz? kinoteatrı qarşısındakı meydan və s.) yerlərdə belə tədbirlərin keçirilməsi üçün şərait yaradılması, eləcə də Prezident Aparatının, Milli Məclisin, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və digər dövlət əhəmiyyətli idarələrdən 200 metrlik məsafədə hər hansı uyğun ərazilərin piket və mitinqlərin keçirilməsi üçün müəyyən edilməsi haqqında müvafiq qərarların qəbul edilməsini də xahiş etmişəm. Bakı şəhər İcra Hakimiyyəti 31 mart 2010-cu il tarixdə mənə 7-722/17 saylı məktubla cavab verərək, qeyd edilən yerlərin heç birinin kütləvi aksiyaların keçirilməsi üçün məqsədəuyğun olmadığını müxtəlif bəhanələrlə bildirmiş, dövlət əhəmiyyətli idarələrdən 200 metrlik məsafədə hər hansı uyğun ərazilərin piket və mitinqlərin keçirilməsi üçün müəyyən edilməsi haqqındakı tələbə isə ümumiyyətlə, cavab verməyi lazım bilməmiş, 2010-cu ilin noyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı seçkilərdə iştirak edəcək namizədlərin təşviqat materiallarının yerləşdirilməsi və seçicilərlə görüşlərin keçirilməsi üçün hər bir şərait yaradılacağını bildirmişdir. Halbuki Sizə göndərdiyim məktubda seçki kampaniyası dövründə seçicilərlə görüşlər, təşviqat kampaniyasının aparılması üçün nəzərdə tutulan, Seçki Məcəlləsi ilə tənzimlənən yerlərin ayrılması yox, ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanuna uyğun olaraq kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması tələb edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubu Azərbaycan Konstitusiyasına və ?Sərbəst toplaşmaq azadlığı haqqında? qanuna ziddir. Belə ki, vətəndaşların sərbəst toplaşmaq hüququ yalnız seçki kampaniyası dövründə deyil, bütün dövrlərdə təmin edilməli, kütləvi aksiyaların keçirilməsinə razılıq isə icra hakimiyyəti məmurlarının mülahizələrinə yox, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq tənzimlənməlidir. Nəzərinizə çatdırıram ki, Müsavat Partiyası ölkədə sərbəst toplaşmaq hüququnun bərpa edilməsi istiqamətində qətiyyətli addımlarını bundan sonra da davam etdirəcək. Bütün bunları nəzərə alaraq, məktubumuzda irəli sürülən tələblərə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və ?Sərbəst toplaşması azadlığı haqqında? Azərbaycan Respublikasının qanununa uyğun olaraq, cavab verməyinizi təkidlə xahiş edirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA