Prezident məhkəmə sədrini qəbul etdi - Müzakirə

img

26-05-2016 [12:12]


Prezident İlham Əliyev bu gün Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az xəbər verir ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycan ilə Türkiyənin müttəfiq, dost və qardaş ölkələr olduğunu deyib.

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində də inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mühüm məsələlərin müzakirə ediləcəyini və bu sahədə əməkdaşlığımızın iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfə verəcəyini deyib. Bu yaxınlarda Türkiyəyə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Dünya Humanitar Sammitinin ilk dəfə İstanbulda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi sahəsində də daha da inkişaf etdirilməsinin önəmini qeyd edib.

Azərbaycana son dəfə 2010-cu ildə səfər etdiyini və ötən dövr ərzində Bakının tamamilə dəyişdiyini, yeni bir şəhərə çevrildiyini vurğulayan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Zühtü Arslan Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə yüksək əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin məhkəmə və hüquq sistemi sahəsində də davam etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA