Bakıda 20 polisin tutduğu “aftoş” məmur oğlu çıxdı – Həbs olundu (Video)

img

21-05-2016 [11:33]


Xəbər verdiyimiz kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla” əmrinə tabe olmayaraq onun üstünə maşın sürən sürücü saxlanılıb.

Məlumata görə, həmin sürücünü təxminən 8 DYP avtomobili, 20-yə yaxın yol polisi əməkdaşı təqib etsə də, "KIA” markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində avtoxuliqanlıq edib. Nicat Nurpaşa Abdullayev hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib. Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb.

Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. Nərimanov rayon 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Tam anlaqsız vəziyyətdə olan Nicat, nə danışacağını da unudub.

Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.

Mayın 20-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə Nicat Abdullayev 20 gün inzibati həbs cəzasına məhkum edilib və Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Aparılan araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Nicat Abdullayevin atası Nurpaşa Abdulllayev məmurdur. O, Xarici İşlər Nazirliyinin Turizm höbəsinin rəisidir.

Bundan əlavə, onun turizm biznesi ilə də məşğul olduğu bildirilir.

Məlumata görə, Nurpaşa Abdullayev məmur olmaqla yanaşı, Bakının 3-cü mikrorayon bazarının əsas sahiblərindən biridir.

Dünən oğlunun cəza çəkdiyi məntəqəyə gedən Nurpaşa Abdullayev oğluna su göndərmək istəyib. Lakin polislər bildirib ki, içəri hər hansı qida qəbul olunmur, çünki orada saxlanılanlar hər şeylə təmin olunublar. Polislərin bu sözlərindən qəzəblənən Nurpaşa Abdullayev polislərə təzyiq göstərməyə çalışıb və onlara bildirib ki, kiməsə tapşırtdırıb onlara hər gün su daşıtdıracaq…

Mayın əvvəllərində həmin müddət başa çatdığı üçün sürücülük vəsiqəsini yenidən əldə edən N.Abdullayev cəmi bir neçə gün sonra yenidən «avtoş»luq edib tutuldu və yenə də vəsiqəni 1 illik itirdi.

İndi isə ANS-də həmin avtoxuliqanla bağlı yayımlanan videomateriala baxıb bu gəncin yol polisinin üstünə maşın sürməsinin, insanların həyatı ilə oynayıb necə harınlıq etməsinin canlı görüntüləri ilə tanış olun…


Avtosfer.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA