Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

img

02-04-2010 [07:11]


AMEA Rəyasət Heyətinin növbəti iclasını giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq, AR Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə AMEA Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşına verilmiş mükafatları təqdim edib. İclasda AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev ?Nəsimi qəzəlindəki bir qafiyə yuvasının izi ilə (?Yanaram eşqindən axar gözlərimdən yaşlər?)? adlı elmi məruzə ilə çıxış edib. O bildirdi ki, Nəsimi insanı, onun azadlığını, kamilliyini, gözəlliyini tərənnüm edən əsərlərini əruz vəzninin ahəngdar səslənən oynaq bəhrlərində yazarkən çox zəngin qafiyə sistemindən faydalanmışdır. Akademik şairin ifadə vasitələrinin bir qisminin şərti olaraq ?qafiyə yuvası? termini vasitəsilə ehtiva olunduğunu, həmin yuvaya daxil olan baş, aş, daş, qaş və s. qafiyələrin ərəb və fars dillərinin o zaman Azərbaycan ədəbi dilinə fəal təsirinə baxmayaraq, heç bir assimilyasiyaya məruz qalmayan əsil qədim, fundamental türk kəlmələri olduğunu qeyd etdi. Hazırda onlar həm Azərbaycan ədəbi dilində, həm də çağdaş ümumxalq danışıq dilimizdə çox işlənir. B.Nəbiyev Nəsimidən sonra fəaliyyət göstərən Ə.Xəqani, M.Füzuli, S.Təbrizi, Nəcati bəy, M.Ə.Sabir kimi sənətkarların şanlı sələfləri Nəsiminin adı və poeziyası ilə səsləşən əsərlərində bu qafiyə yuvasından müvəffəqiyyətlə istifadə etdiklərini nəzərə çatdırdı. O bildirdi ki, həmin qafiyə yuvası xronoloji ardıcıllıqla izlənmiş və konkret faktlar əsasında onun təkamülü araşdırılıb ümumiləşdirilmişdir. Elmi məruzə ətrafında müzakirələrdə akademiklər Mahmud Kərimov, Vaqif Fərzəliyev, Ağamusa Axundov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov iştirak ediblər. Sonra bir sıra elmi-təşkilati məsələlər - ?AMEA-nın 2009-cu ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat? məcmuəsi, ?AMEA-nın Xəbərləri? (Yer elmləri seriyası) jurnalının Beynəlxalq redaksiya şurası tərkibində və AMEA Geologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, akademik M.Əlizadənin 100 illik, AMEA-nın müxbir üzvü R.Məmmədovanın 60 illik yubileylərinin qeyd edilməsi, t.e.n. Z.Hacıyevanın, k.e.d. M.Məmmədovun və t.e.n. Q.Qasımovun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi müzakirə edildi və AMEA RH-ın qərarı ilə təsdiq edildi. Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA