Cəbhə xəttində yerləşən kəndlərlə bağlı sərəncam - Prezident imzaladı

img

02-05-2016 [19:20]


Azərbaycan Prezidenti İlham Əliyev erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamda bildirilir ki, 2016-cı ilin aprel ayının ilk günlərindən başlayaraq erməni silahlı qüvvələri Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuş, 26 nəfər yaralanmış, 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəymişdir. Hazırda düşmən güllələrinin və mərmilərinin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Elə bu faktı nəzərə alan dövlət başçısı bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, habelə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə aşağıdakı qərarı verib:

1. Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA