Tərtər Regional Pezə Təlimi Mərkəzinin açılızı olub

img

31-03-2010 [06:09]


Martın 30-da Tərtər rayonunda ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi ?Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması? layihəsi çərçivəsində inşa olunan Tərtər Regional Peşə Təlimi Mərkəzinin açılış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, layihənin rəhbəri Umud Rəhimoğlu açıb. O, müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarda uzun illərdən bəri Fondun həyata keçirdiyi layihələr barədə mərasim iştirakçılarına məlumat verərək, Tərtər Regional Peşə Təlimi Mərkəzinin yaradılması zərurətindən və bu yolda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb: ?Təlim mərkəzini yaratmaqda məqsədimiz müharibədən zərər çəkən insanları və onların ailə üzvlərini, mina qurbanları və təqaüdə çıxmış minaaxtaranları, aztəminatlı ailələri, qaçqınları və məcburi köçkünləri yeni iş yerləri ilə təmin etməkdən, PTM məzunlarına gəlir əldə etmək üçün dayanıqlı vasitələri yaratmaqda yardımçı olmaqdan, onları cəmiyyətin bütün sahələrinə və inkişaf proseslərinə cəlb etməkdən ibarətdir. Tərtər Regional Peşə Təlimi Mərkəzində təlimlərə cəlb olunacaq 64 nəfər ilkin mərhələdə 4 istiqamətdə - xalçaçılıq, reklam-dizayn və mənzil-dekorasiya, çörəkbişirmə və tingçilik peşələrinə yiyələnəcəklər və təlimlər başa çatdıqdan sonra BAMF onların işlə təmin olunmasına dəstək verəcək. Mərkəzdə 3 təlimçi, 1 beynəlxalq məsləhətçi, 2 menecer fəaliyyət göstərəcək. Digər tərəfdən, peşələrə yiyələnmiş müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlər sahibkarlıq fəaliyyətinə başlamaq üçün BAMF-ın təsisçiliyi ilə yaradılan ?Avrasiya-Kredit? MMC-nin güzəştli kreditlərindən də yararlana biləcəklər?. ABŞ Dövlət Departamentinin açılışa qatılan nümayəndəsi xanım Katerin Beyker çıxış edərək, bundan əvvəl də təmsil etdiyi qurumun Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə BAMF tərəfindən bir neçə layihə həyata keçirdiyini deyib. K.Beyker ABŞ Dövlət Departamentinin belə layihələri maliyyələşdirməkdə əsas məqsədinin müharibədən və minadan zərərçəkən insanlara kömək etmək olduğunu dedi. O, layihə çərçivəsində 3 mərtəbəli təlim mərkəzinin inşa edilməsindən məmnun qaldığını bildirib və gələcək fəaliyyətində layihənin rəhbərinə, işçi heyətinə uğurlar diləyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqşin Əliyev BAMF-ın fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, təşkilatın Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirib. O, ABŞ Dövlət Departamentinin dəstəklədiyi layihənin müharibədən və minadan zərərçəkən insanlar üçün vacib olduğunu vurğulayıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Regional Peşə Təlimi Mərkəzinin yaradılmasına maliyyə dəstəyi verən Dövlət Departamentinin nümayəndəsinə və bu işdə zəhməti olan hər kəsə minnətdarlığını bildirib. O, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu və ardıcıl siyasət nəticəsində belə layihələrin həyata keçirilməsinə geniş şərait yarandığını, bu layihələrin davamlı olacağını deyib. Rayon İcra Hakimiyyətinin Başçısı Tərtərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) apardığı minatəmizləmə əməliyyatları haqqında məlumat verib. O, bu istiqamətdə ANAMA-nın xeyli işlər gördüyünü mərasim iştirakçılarının diqqətinə çatdırıb. V.İsayev Tərtər rayonu haqqında danışarkən deyib: ?Cəbhə bölgəsi olan Tərtərin erməni təcavüzündən müdafiəsi zamanı 307 nəfər şəhid, 241 nəfər əlil olmuşdur. Tərtərdə 250 nəfər minadan zərərçəkən var. Son 5 ildə 15 nəfər tərtərli dinc sakin minaya düşərək həlak olub?. O, Azərbaycan torpaqlarının zaman-zaman Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bu işğalın hələ də davam etdiyini faktlarla amerikalı qonağın diqqətinə çatdırıb. V.İsayevin çıxışından sonra binanı açılışını bildirən qırmızı lent kəsilib. Amerikalı qonaqlara kiçik ölçülü xalça hədiyyə verilib. Tədbirdə Amerikanın Azərbaycandakı səfirliyinin Hərbi Attaşesi Maykl Qant, ANAMA-nın informasiya departamentinin rəhbəri Murad Rəhimov, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir, habelə müxtəlif beynəlxalq və yerli qurumların nümayəndələri, mina qurbanları və onların ailə üzvləri, qaçqınların və məcburi köçkünlərin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdə 4 aprel Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Tərtər rayonunda yaşayan mina qurbanlarına yardım paylanıb. Qeyd edək ki, sonda K.Beyker tərəfindən Umud Rəhimoğluna ABŞ Dövlət Departamentinin Özəl Tərəfdaşlıq Proqramının üzvlük nişanı-xüsusi sikkə təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA