Elmira Süleymanova azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb

img

30-03-2010 [05:58]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanan bəyanatla çıxış edib. Ombudsman Aparatının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur ki, son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırımı və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi yazılıb. Bəyanatda qeyd olunub ki, ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutublar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb. Silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər. Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədib. Həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib: ?Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülüb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabazara çevrilmiş, əhaliyə amansız divan tutulub. 1918-ci il hadisələri zamanı Qubada ermənilərin xüsusi qəddarlıqla törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani faktlardır?. Bəyanatda daha sonra qeyd olunub ki, 1918-ci il mart soyqırımından 92 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür: ?Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır. Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram. Ümid edirəm ki, Siz Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün imkanlarınızı səfərbər etməklə böyük səylər göstərəcəksiniz?. Qeyd edək ki, bəyanat ünvanlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA