Eldar Sabiroğlu: "Müharibə zəraitində itkilərimizin olmayacağına təminat vermək çox çətindir"

img

30-03-2010 [05:46]


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu martın 26-da Azərbaycan Ordusunun əsgəri Vüqar Pənahinin şəhid olması ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, 26 mart 2010-cu ildə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində düşmən gülləsindən şəhid olan əsgər Vüqar Pənahi haqqında ölkə KİV-lərində təzadlı xəbərlər yer alır. Müdafiə Nazirliyi şəhidin doğmalarının həyəcanını, çəkdikləri dərd və ağrıları başa düşür və bunu anlayışla qarşılayır. ?Müharibə şəraitində itkilərimizin olmayacağına təminat vermək çox çətindir. Elə cəbhə əraziləri var ki, tərəflər 50-100 metr məsafədə üzbəüz dayanır. Atəşkəsin pozulduğu anda hər iki tərəfdən itkilərin olduğu qaçılmazdır. Nə etməli ki, bu, indi həyatımızın reallığıdır?, deyə açıqlamada bildirilir. E.Sabiroğlu qeyd edib ki, bəzən hər hansı hadisə baş verərkən onu olduğu kimi yox, tamamilə təhrif olunmuş formada ictimaiyyətə təqdim edirlər. Bu da sonda fikir çaşqınlığına şərait yaradır: ?Şəhid əsgərimiz Vüqar Pənahinin timsalında bunun bir daha şahidi olduq. Heç bir əsas, dəlil və sübut gətirmədən əsgərin guya hərbi hissə komandiri tərəfindən güllələndiyi, hadisədən əvvəl yenə həmin komandirin Vüqarı guya ayağından silahla vurduğu iddia olunur. Axı bunların heç biri söylənilən kimi deyil. Aydın oldu ki, Vüqarı ayağından komandirin gülləsi yox, 26 avqust 2009-cu il tarixdə ehtiyatsızlıqdan əlindəki silahdan açılan öz gülləsi yaralayıb. Bu barədə onun öz imzası ilə təsdiq etdiyi izahatı da var. 19 sentyabr 2009-cu ildə həmin hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1 maddəsinə əsasən Füzuli Hərbi Prokurorluğu tərəfindən cinayət işinin başlanılması rədd olunub. İstənilən zaman maraqlananlar, şəhidlin doğmaları həmin sənədlərlə tanış ola bilərlər?. E.Sabiroğlu bildirib ki, başqa bir mətbuat vasitəsində isə Vüqarın xalası oğlu Ramin Bağırovun da hərbi xidmətdə müəmmalı şəraitdə öldüyü göstərilir və bildirilir ki, hadisə ilə bağlı ümumiyyətlə araşdırma belə aparılmayıb. Konkret fakt isə tamamilə başqa bir şeyi deyir. Yasamal rayon Hərbi Komissarlığından əsgəri xidmətə gedən Ramin Bağırov 2004-cü ilin iyun ayında Cəbrayılın Cocuq Mərcanlı kəndi ərazisində düşmən gülləsindən ağır yaralanıb və Mərkəzi Klinik Hərbi Hospitala çatdırılıb. Hərbi həkimlər nə qədər çalışsalar da yaralını xilas edə bilməyiblər və Ramin Bağırov həmin ilin iyul ayının 6-da dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA