"Rusiyanın Qarabağla bağlı yeni planı və ya təklifləri yoxdur" - Ekspertdən Lavrovun səfərinə şərh

img

22-04-2016 [21:46]


"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aprelin 22-də İrəvanda verdiyi açıqlamalar ondan xəbər verir ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlu deyib.

O bildirib ki, Lavrovun İrəvana səfərindən çıxan başqa bir nəticəyə görə Kreml Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə İrəvana təzyiq etmək niyyətində deyil:

"Lavrov İrəvanda dedi ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Əslində isə Azərbaycan Kazan prinsiplərinin əleyhinə deyil. Bu sənəddə rayonların boşaldılmasının, qaçqınların geri qayıtmasının və kommunikasiya xətlərinin açılmasının vurğulanması Azərbaycanın maraqlarına cavab verir. Sadəcə, Azərbaycan sənəddə statusun müəyyənləşməsi maddəsinin əleyhinədir. Ermənistan isə bu maddəni əsas tutaraq, digər bütün maddələri statusdan asılı vəziyyətə gətirir".

Ekspert Lavrovun İrəvanda münaqişənin həllində ATƏT sədri olan Almaniyanı fəallığa səsləməsinə də münasibət bildirib:

"Bununla Moskva münaqişənin həllinin uzanmasında başqa dövlətlərin, o cümlədən Almaniyanın da məsuliyyət daşıdığına işarə edir. Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri budur: "Cəbhə bölgəsindəki insidentləri araşdırmaq lazımdır”. Azərbaycanın strategiyası belədir ki, torpaqlar azad olunmayana qədər işğalçı Ermənistan daima təzyiq altında saxlanılmalıdır. Lavrov isə əksinə deyir ki, atəşkəs müddətsizdir və ona riayət etmək lazımdır".

Lavrovun İrəvanda Türkiyə əleyhinə söylədiyi fikirlərin də Azərbaycanın maraqlarının əleyhinə olduğunu deyən Elxan Şahinoğlununu sözlərinə görə, Lavrov artıq necənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolunu tənqid edir, Ankaranın Qarabağla bağlı açıqlamalarını təxribatçı adlandırır:

"Lavrov, heç şübhəsiz Ankaranın "biz Bakının işğala son qoymaq siyasətini dəstəkləyirik” ifadəsini nəzərdə tutur. Daha öncə isə Rusiyanın baş naziri Dmitri Medvedyev də Türkiyəni nəzərdə tutaraq "cəbhə bölgəsindəki münaqişəsini üçüncü qüvvə qızışdırıb” demişdi. Bu da səhv yanaşmadır. Azərbaycan Rusiya ilə normal münasibətlərin davamına çalışır. Ancaq rusiyalı rəsmilərin Türkiyə əleyhinə verdiyi açıqlamalara Bakı reaksiya verməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var. Həmin bəyanatda qeyd olunmalıdır ki, rəsmi Bakı Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindəki mövqeyini təqdir edir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA