Türkiyədə oxumaq istəyənlər aprelin 5-dən sənəd verəcəklər

img

29-03-2010 [12:39]


Aprelin 5-də Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gənclərinin ərizə qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün hazırda 11-ci sinifdə təhsil alan, 1 yanvar 2010-cu il tarixinə yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər. Türkiyədə dövlət xətti ilə təhsil alaraq hər hansı səbəbdən təhsilini yarımçıq qoymuş və ya xaric olunmuş, ali məktəb tələbəsi və ya məzunu olan şəxslər ərizə verə bilməzlər. Ərizələrin qəbulu aprelin 17-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək Sənəd Qəbulu Komissiyalarında (SQK) aparılacaq. İmtahanda iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsini, orta məktəbi bitirdikləri haqqında attestatın əslini və yaxud hal-hazırda 11-ci sinifdə təhsil almaqları haqqında arayışı, 3 x 4 sm ölçüdə 2 ədəd fotoşəkli Sənəd Qəbulu Komissiyasına təqdim etməklə vahid ərizə formasını şəxsən doldurmalıdırlar. Abituriyentlər 22-24 aprel tarixlərində ərizə verdikləri SQK-dan imtahana buraxlış vəsiqəsi ala bilərlər. İmtahan aprel ayının 25-də test üsulu ilə keçiriləcək. Abituriyentlər imtahanı Azərbaycan və ya rus dilində verə bilərlər. Müsabiqədən keçən abituriyentlər Türkiyə Respublikasında bir tədris ili müddətində türk dili hazırlıq kursu keçəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA