Bu dövlət qurumlarında büdcə xərcləmələri yoxlandı - SİYAHI

img

08-04-2016 [14:38]


Azərbaycanın Niderland və Belçika krallıqlarındakı səfirliklərində, o cümlədən NATO yanındakı nümayəndələyində maliyyə pozuntusu, qanuna zidd əməllər, dövlət vəsaitindən qeyri-qanuni istifadə etmə halı aşkarlanıb.

Bu barədə, Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti barədə açıqladığı hesabatda bildirilib.

Hesabatda deyilir ki, qeyd olunan səfirliklərdə nəzarət tədbirləri nəticəsində bəzi hallarda vəsaitin Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi təsnifat kodu dəyişdirilməklə icra edildiyi müəyyən olunub: "Palatanın auditinin əhatə etdiyi 2012-ci ildə nəzarət tədbiri keçirilən diplomatik orqanları üzrə ümumilikdə kassa xərclərinin 8,0 %-i, 2013-cü ildə müvafiq olaraq 6,3 %-i, 2014-cü ildə isə diplomatik orqanların həmin ilə ümumi xərclərinin 5,6 %-i səviyyəsində təyinatı dəyişdirilməklə icra edilib.

Səfirliklərdə audit sübutları ilə diplomatik korpuslar tərəfindən qüvvədə olan müvafiq normativ aktların və "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nın tələblərinə bəzi hallarda riayət edilmədiyi müəyyən olunub. Diplomatik korpusların aldığı mallara və onlara göstərilən xidmətlərə görə ödənilmiş ƏDV məbləği alınsa da, müvafiq qaydada dövlət büdcəsinə bərpası təmin edilməmiş və istifadə olunmuş, diplomatik əməkdaşlara ezamiyyə xərcləri üzrə normalara riayət edilməməsi səbəbindən artıq vəsait xərc edilmiş, həmçinin mövcud qaydalarda, xərclər smetasında nəzərdə tutulmadığı halda dövlət rüsumunun, icbari sığorta məbləğinin saxlanma xərcləri hesabına ödənilməsi hallarına yol verilib.

Diplomatik nümayəndəliklərin saxlanılması üçün nəzərdə tutulan vəsait hesabına bəzi hallarda iqamətgahın kommunal və kommunikasiya xidmətlərinə, icbari sığortasına və təmir işlərinə, xərclər smetasında nəzərdə tutulmadığı halda əməkdaşlar üçün xarici dil kurslarının təşkil edilməsinə, əməkdaşlarının tibbi sığortası olduğu halda tibbi xərclərə vəsait ödənildiyi müəyyən olunub. Saxlanılma xərcləri üzrə açılmış maliyyədən qalan vəsaitin dövlət büdcəsinə qaytarılmadan növbəti büdcə ilində istifadə olunması halları müəyyən edilib, audit olunan diplomatik nümayəndəliklər tərəfindən bir sıra xərc maddələri üzrə yaranmış debitor və kreditor borcun bağlanması təmin edilməyib. Diplomatik nümayəndəliklərdə mühasibat uçotunun təşkili və aparılması ilə bağlı bəzi nöqsanlara yol verilib. Nəzarət tədbirləri ilə konsul əməliyyatlarının aparılması zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən olunub".

Yoxlamaların nəticələri Hesablama palatasının Kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Qərarın sürəti zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədi ilə Xarici İşlər Nazirliyinə göndərilib.

Nöqsanların aradan qaldırılması məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində cəmi 39,6 min avro müvafiq qaydada dövlət büdcəsinə və diplomatik korpusun hesabına bərpa edilib. Bundan başqa, ümumilikdə 1347,3 avro debitor və 1975,5 avro kreditor borcun bağlanması təmin edilib.

Palatanın hesabatında qeyd olunur ki, nəzarət tədbiri ilə ARDNF-dən MKSİF-ə 2012-2014-ci illər üzrə bərabər məbləğdə olmaqla cəmi 899 mln. 970,4 min manat vəsaiti əhatə edilib.

MKSİF-ə ayrılan vəsaitlərin istifadəsinin auditi nəticəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib.

Belə ki, MKSİF tərəfindən Azərbaycan prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib. Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da faktiki olaraq fəaliyyət göstərmədiyi müəyyənləşib.

Audit sübutları ilə Dövlət Proqramı üzrə 2012-2014-cü illərdə istifadə olunan vəsaitin 54,8%-nin 2007-2011-ci illərdə nəzərdə tutulan 14 tədbirin icrasına sərf edildiyi, işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən podratçılarla iki məhəllənin tikintisi üzrə satınalma müqavilələri bağlanıldığı, avans ödənişinin təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlər təqdim edilmədən 18 məhəllə və qəsəbənin tikintisi üzrə avans ödənildiyi aşkar edilib.

Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, MKSİF tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 36,5 min manat məbləğində vəsait müvafiq qaydada bərpa edilib, 5 mln. 695,1 min manat məbləğində debitor borc bağlanıb və 131 mln. 363,5 min manat məbləğində əsas vəsait uçota alınıb.

Qanunvericiliklə müəyyən olunmuş qaydada nöqsanlara yol vermiş MKSİF-də çalışan 3 vəzifəli şəxsə töhmət verilib və 1 şəxs işdən azad edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA