MTN irandan Azərbaycana gətirilən 64 kiloqram narkotik vasitəni ələ keçirib

img

22-03-2010 [04:03]


Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş növbəti əməliyyat tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq yaxalanıb, onlardan ümumilikdə 64 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Tərlan Sədi oğlu, Abasov Xankərəm Şakir oğlu, Abbasov Xeyrulla Feyzulla oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, 2010-cu ilin yanvar ayının sonunda Tərlan Məmmədov İran İslam Respublikasının Biləsuvar şəhərinə gedib, orada şəxsiyyəti hazırda istintaqla müəyyənləşdirilən İran İslam Respublikasının vətəndaşı ilə görüşüb, narkotik vasitələrin Azərbaycana gətirilməsi barədə razılığa gəlib. Həmin iranlı əvvəlcədən razılaşdıqları narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan 4 nəfər həmyerlisinin vasitəsi ilə gecə vaxtı qaçaq yolla İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun Cəfərxanlı kəndinə göndərilməsini təşkil edib. Tərlan Məmmədov, həmçinin həmkəndliləri Xankərəm Abasov və Xeyrulla Abbasov onlardan narkotik vasitələri təhvil alaraq avtomaşınla Salyan rayonu istiqamətində hərəkət edərkən Biləsuvar rayonunun ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıblar. Xankərəm Abasovun idarə etdiyi ?VAZ-2107? markalı avtomaşına keçirilmiş baxış zamanı oradan 30 kiloqrama yaxın həşiş qətranı və 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Anar Akif oğlu saxlanılıb, külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Anar Məmmədov, şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 31 kiloqram 138,8 qram həşişi və 2 kiloqram 115,2 qram heroini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər. Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA