19-03-2010 [03:58]
Ötən gün Bakı Dövlət Universitetində (BDU) 2009-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş hesabat-yığıncaq keçirilib. İştirakçıları Novruz bayramı münasibətilə təbrik edən universitetin rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, son beş ildə rəhbərlik etdiyi təhsil ocağı illik hesabatını AMEA Rəyasət Heyəti qarşısında verir.
Sonra rektor gündəliyə daxil edilən cari məsələlər haqqında məlumat verdi. BDU-da əlavə təhsil mərkəzinin yaradılması haqqında müzakirəyə təqdim olunan birinci məsələ yekdilliklə qəbul edildi. Belə ki, universitetin məzunları bundan sonra müvafiq sahələr üzrə təşkil olunan kurslarda 4-6 ay müddətində təhsil almaqla əlavə ixtisasa yiyələnmiş olacaqlar. Müzakirəyə çıxarılan ikinci məsələ, Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdimolunma haqqında oldu. ?Neft sənayesində nanotexnologiya: fundamental elmi araşdırma, ixtira və tətbiqi? tədqiqat işi müzakirə olunmadan Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasına təqdim olunmaq üçün səsə qoyuldu və səs çoxluğu ilə qəbul edildi. Mərhum Azad Mirzəcanzadə, Abel Məhərrəmov, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə və başqalarının müəllifi olduqları tədqiqat işinin təcrübəsi Bakı və Azərbaycan ərazisindəki 100-dən çox neft quyusunda aparılıb. Paralel olaraq, Rumıniya və Səudiyyə Ərəbistanında aparılan uğurlu tədqiqat işləri neft sənayesində nanotexnologiyanın tətbiqinin mümkünlüyünü sübut edib.
Sonra gündəlikdə olan üçüncü məsələ, 2009-cu ildə BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa dair universitetin Elmi işlər üzrə prorektoru, professor İsmayıl Vəliyevin məruzəsi dinlənildi.
2009-ci ildə BDU üçün ən əlamətdar hadisələrdən biri noyabr ayının 2-də universitetin 90 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın iştirakı ilə təntənəli şəkildə qeyd olunması olub.
Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında, siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətlərini nəzərə alan universitetin Elmi Şurası İlham Əliyevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı veilməsi barədə qərar qəbul etmiş və bu yadda qalan gündə fəxri doktor diplomu Prezidentə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafında böyük xidmətlərinə görə BDU-nun 107 nəfər pofessor-müəllim heyəti müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunmuşlar. Eyni zamanda təhsil naziri Misir Mərdanovun əmri ilə BDU-nun 239 nəfər əməkdaşı Qabaqcıl təhsil işçisi, nazirliyin fəxri fərmanı və təşəkkürü ilə mükafatlandırılmışlar. Ümumilikdə, 90 illik yubiley münasibətilə universitetin 1116 nəfər əməkdaşı mükafatlandırılmışdır.
2009-cu ildə BDU-nun 16 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində və 19 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif sahələrinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılmışdır.
Bilavasitə elm sahəsində (ETİ, ETM və ETL-lərdə) 352 nəfər əməkdaş çalışmışdır ki, bunlardan 262-si elmi işçi, o cümlədən 3-ü AMEA-nın həqiqi üzvü, 5-i AMEA-nın müxbir üzvü, 50-si elmlər doktoru, 148-i elmlər namizədidir.
2009-cu ildə universitet əməkdaşları 29 doktorluq və 29 namizədlik dissertasiyasına opponent olmuşdurlar. 22 doktorluq və 86 namizədlik dissertasiyasına aparıcı təşkilat kimi rəy verilmişdir. Hesabat ilində universitetin əməkdaşları tərəfindən 12 ixtiraya müsbət rəy verilmiş və 12 patent alınmışdır ki, onlardan 8-i BDU-nun sahibliyi ilə alınmış patentlərdir. 2009-cu ildə universitet əməkdaşları 30 ölkədə keçirilmiş bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişlər.
Məruzəçi bildirib ki, 2009-cu ildə BDU-da 29 elmi konfrans keçirilmiş, universitetin tələbələri respublikamızda keçirilən bir neçə olimpiadada uğurla iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşlər.
Ötən il universitetdə fəaliyyət göstərən daimi şuralarda 9 nəfər doktorluq və 30 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Birdəfəlik dissertasiya şuralarında isə 4 doktorluq və 21 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Hesabat ilində universitet əməkdaşlarından 4 nəfəri pofessor, 26 nəfəri dosent elmi adları almışlar.
2009- cu ildə BDU-nun Elmi kitabxanasına 14 635 nüsxə çap məhsulu daxil olmuşdur ki, bunlardan da 6417 nüsxə elmi ədəbiyyat, 5902 nüsxə isə tədris ədəbiyyatıdır.
2009-cu ildə universitetin 25 sinfini özündə birləşdirən İnformasiya Texnologiyaları Mərkəzi 1300 ədəd kompyuterlə təchiz edilmişdir.
BDU-da 2005-2007-ci illərdə Avropa Birliyi, BDU, AzRENA, IMC (Almaniya) tərəfindən yaradılmış Elektron Tədris Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə Azərbaycanda ilk dəfə olaraq tyutor məzunların hazırlanması, virtual universitetlərin yaradılması və tədris fənlərinin multimedia kurslarının hazırlanması işləri aparılmışdır.
Hesabat ilində universitet əməkdaşları tərəfindən 32 beynəlxalq və respublikadaxili elmi layihələr həyata keçirilmişdir. 2009-cu ildə 4 seriyada nəşr olunan ?Bakı Universitetinin Xəbərləri? elmi jurnalının 16 nömrəsi işıq üzü görmüşdür. Həmçinin bu elmi jurnalın elektron arxivinin yaradılması işinə başlanılmışdır. Artıq 2005-2009-cu illərdə nəşr olunmuş jurnalların hər bir nömrəsinin elektron variantı universitetin saytında yerləşdirilmişdir.
BDU-nun Elmi kitabxanasında 2009/2010-cu tədris ilindən magistr dissertasiyalarının elektron arxivi yaradılmış və bu arxiv kitabxananın elektron saytında yerləşdirilmişdir.
Ötən il universitetin İnternet saytı təkmilləşdirlmişdir. Saytda universitetin tarixi, beynəlxalq əlaqələri, fakültələri, şöbə və strukturları haqqında üç dildə (Azərbaycan, rus və ingilis) informasiya əks olunmuşdur. Saytda həmçinin daima yenilənən xəbərlər bloku da fəaliyyət göstərir. Saytın tərkibinə 16 fakültənin, 2 elmi-tədqiqat institutunun və 10 şöbənin müstəqil saytları daxildir. Bundan başqa, elmi kitabxananın elektron kataloqu İnternet şəbəkəsinə qoşularaq http://ebook.bsu.az/ ünvanından fəaliyyətə başlamışdır.
Rektor A.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmrilə universitetdaxili ?50+50? qrant layihəsi təsis edilmişdir. Hal-hazırda bu proqramın 1 oktyabr 2010- 30 iyun 2011-ci il tarixlərini əhatə edən yeni mərhələsi açıq elan edilmişdir.
BDU-da təssərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır. Universitetin alimləri 2009-cu ildə 85 000 AZN dəyərində 3 təsərrüfat hesablı elmi-tədqiqat işi aparmışlar.
Sonda hesabat ilində ilin alimi, kafedrası, fakültəsi və ilin elmi-tədqiqat laboratoriyası nominasiyasının qaliblərini elan edilib. Beləliklə, ilin fakültələri kompyuterlə, ilin alimləri pul mükafatları, ilin kafedra və elmi-tədqiqat laboratoriyaları fəxri diplomlarla mükafatlandırıldılar.
Hesabat-yığıncaqda AMEA prezidenti, akademik Mahmud Kərimov iştirak edib.