“Ermənilər Xankəndi istiqamətində qaçırlar” - Cəbhədən erməni təxribatını darmadağın edən reportaj

img

02-04-2016 [13:51]


"Ermənilərin bu gecə daha ağır itki verdiyini müşahidə etdik”. 

Mia.az xəbər verir ki, bunu APA-nın yerli bürosuna açıqlamasında Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşan Ramal Dadaşov deyib.

O bildirib ki, Ağdam rayonunun Şıxbabalı kəndindən məcburi köçkündür: "Gördüyünüz kimi, hamı hazırda qəsəbədə, öz ev-eşiyindədir. Biz torpaqlarımızın işğaldan azad olunacağı, kəndimizə qayıdacağımız günü gözləyirik. Ordumuza güvənirik, bilirik ki, ordumuz sərhədlərimizi qoruyur".

Tərtər rayon sakini Umud Meydanov da ermənilərin cəbhə xəttində gərginlik yaratamağa cəhd etmələrinə baxmayaraq, tərtərlilərin evlərini tərk etmədiyini deyib: "Belə bir şey olmayacaq. Əksinə, cəbhə kəndlərində dinc əhali arasında yaralı olduğunu eşidəndə tərtərlilər xəstəxanaya gedib, könüllü qan vermək istədiklərini bildirdilər".

U. Meydanovun sözlərinə görə, rayon sakinləri erməni təxribatını pisləyir, kəndlərin boşalması barədə şayiələrin əsassız olduğunu bildirir: "Bütün cəbhəyanı kəndlərdə tanışlarımız yaşayır. Biz evimizi, elimizi tərk etməyəcəyik. Ordumuz burdadı, biz nədən narahat olmalıyıq ki?".

Füzuli rayon icra başçısının birinci müavini Bağır Aslanovun bildirdiyinə görə, qoşunların təmas xəttinin Füzuli və Cəbrayıl rayonları istiqamətində atışma səsləri hələ də eşidilir: "Yerli sakinlər evlərindədi. Onlar Azərbaycan Ordusuna güvənirlər. Hər kəs öz iş-gücü ilə məşğuldur. Heç bir kəndin boşaldılması və ya əhalinin evini tərk etməsi faktı yoxdur".

Ağdam rayon Çıraqlıkənd sakini Xurşud Məmmədov isə bildirib ki, Çıraqlı kəndi cəbhə xətti boyunca ən yaxın yaşayış məntəqələrindən biridir: "Kəndin ərazisi Azərbaycan Ordusunun nəzarətindədi. Uzun illərdi bu kəndin sakinləri güllə yağışı altında yaşayır. Ermənilər bu gecə də kəndi ağır artileriyadan atəşə tutdu. Buna baxmayaraq, əhali kəndi tərk etməyib".

X. Məmmədov bildirib ki, Çıraqlıdan cəbhə xəttində nələrin baş verdiyini açıq müşahidə etmək olur: "Ermənilərin bu gecə daha ağır itki verdiyini müşahidə etdik”.

Ağdam rayon Baharlı kənd sakini Mehman Sadıqov
isə deyib ki, əhalinin evlərini tərk etməsi barədə deyilənlər həqiqəti əks etdirmir: "Başqa rayonlarda yaşayan qohumlarımız kəndlərin boşaldığı barədə şayiələrdən narahat olurlar. Biz öz evimizdəyik. Heç yerə getmək fikrimiz yoxdu. Ordumuz düşmənə layiqli cavab verir. Cəbhəyanı kəndlərdə yaşayanlar bunu öz gözləri ilə görürlər. Biz burda özümüz ordumuzun gücünü görüb daha da əmin oluruq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA