Ali Məhkəmə Hacı Məmmədova "yox" dedi

img

10-03-2016 [16:27]


Ali Məhkəmədə Daxili İşlər Nazirliyinin (DİN) həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun ərizəsi ilə bağlı rəy verilib.

 Ali Məhkəmədən APA-ya verilən məlumata görə, H. Məmmədovun ərizəsi məhkəmənin hakimi tərəfindən araşdırılıb və onun ərizəsinin plenuma çıxarılmamasına rəy verilib.

 Qeyd edək ki, bir müddət əvvəl Hacı Məmmədov yeni açılmış hal üzrə məhkəməyə müraciət edib. Onun müraciəti hakimin icraatına verilib və hakim tərəfindən öyrənilib.

 Qanunvericiliyə əsasən, hakim daxil olmuş ərizə ilə bir ay müddətində tanış olur. Bundan sonra ərizənin məhkəmənin plenumuna çıxarılıb-çıxarılmaması ilə bağlı rəy yazır.

 "Yeni açılmış hal" o deməkdir ki, məhkəmədə həmin cinayət işinə baxdıqda o hal məhkəməyə məlum olmur. Belə ki, məhkəmədə baxılan bir cinayət işi üzrə hansısa şahid yalan ifadə verərsə, ekspert yalan rəy təqdim edərsə və bu zaman məhkəmə onların yalan danışdığını müəyyən etməzsə, sonradan təqsirləndirilən şəxs, zərərçəkmiş tərəf, yaxud prokuror Ali Məhkəməyə müraciət edərək həmin halın araşdırılmasını xahiş edə bilər.

 Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.

H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

 Məhkəmənin qərarına əsasən DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA