Prezident İlham Əliyev gürcü nazirlə müzakirə apardı – Qəbul

img

07-03-2016 [14:46]


Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib.

Strateq.az xəbər verir ki, qəbulda Mixeil Canelidze Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söyləyib.

Ölkələrimizin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd edib. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlət başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırlayıb.

Əməkdaşlığımızın fəal şəkildə davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Dövlətimizin başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin ölkələrimiz arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA