TQDK ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə test imtahanı keçirir

img

13-03-2010 [12:33]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il martın 13-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirir. TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verinlən məlumata görə, imtahan Azərbaycan Beynəlxalq Universitetinin 1-ci və 7-ci korpusunda saat 10:00-da başlanır. İmtahanda iştirak etmək üçün namizədlər buraxılış vərəqələrini 09, 10 və 11 mart tarixlərində hər gün saat 10:00-dan 16:00-dək TQDK-nın binasında (Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 17) şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə edirlər. Buraxılış vərəqəsi ilə birlikdə namizədlərə "Yaddaş Kitabçası" da verilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti savadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının seçilmiş fakültələr üzrə yüksək tədris göstəricilərinə malik olan hər kurs üzrə 20 tələbəsinə aylıq təqaüd təyin edilib. 2006-cı ildən etibarən tələbələr təqaüdlərini onların hər biri üçün ARDNŞ tərəfindən açılmış fərdi plastik kart vasitəsilə istənilən bankdan ala bilir. ARDNŞ 2008-ci ildə - ?Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi haqqında? yeni Əsasnamə təsdiq etmişdir. Bu Əsasnaməyə görə artıq müsabiqədə ARDNŞ-də tələb olunan ixtisaslar üzrə Azərbaycanın bütün ali təhsil müəssisələrinin bakalavr və magistr pillələri üzrə tələbələri iştirak edə bilərlər. Hər kurs üzrə təqaüdçülərin sayı da 30-dək artırılıb. Hazırkı müsabiqədə iştirak etmək üçün müraciət etmiş tələbələrdən 951 nəfərinin namizədliyi qəbul edilib. TQDK tərəfindən keçirilən müsabiqənin birinci turunda tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunur. Onlardan 30 sual çoxseçimli, 10 sual isə açıq test tapşırığıdır. Hər doğru cavab 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir etmir. Suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir. İkinci tura buraxılmaq üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra ARDNŞ tərəfindən təyin olunacaqdır. Namizədlər ikinci turda ARDNŞ-in əməkdaşlarından ibarət komissiyada müsahibədə iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA