Bakıda qumarbazlar obyekti bağlayıb, qaçdılar - FOTOLAR

img

22-02-2016 [16:24]


Fevralın 20-də Bakının Nizami rayonundakı "Neftçilər” metrostansiyasının çıxışında yeni açılan loto-qumarxana haqda məlumat vermişdik. Qanunsuz olaraq fəaliyyət göstərən qumarxana bu gün bağlanıb. 

Musavat.com xəbər verir ki, bu gün qumarxananın qapıları bağlanıb, girişdə asılan "Elit klub” reklamı da yığışdırılıb. Ətrafdakı obyektlərdə çalışanların verdiyi məlumata görə, həmin məkan səhər saatlarında bağlanıb.

"Dünən obyekt açıq idi. Ancaq həmişəki kimi səsgücləndiricilər işləmirdi. Elə bil sakit şəkildə işləyirdilər. Bu gün isə obyekt bağlı olub. Səhərdən bir neçə dəfə hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək, obyektə baxıblar. Lakin burada heç kim olmayıb. Eşitdiyimizə görə, obyekti bağlayıb, qaçıblar. Səhər tezdən reklamları çıxarıblar” - deyə qonşuluqdakı mağazalarda işləyənlər bildirdi. 

Biz də ərazidə olarkən bir neçə mülki geyimli şəxsin obyektin qarşında dayandığını və ətrafda olanlarla sorğu-sual apardıqlarının şahidi olduq. Onlar obyektdə işləyənlər haqda məlumat öyrənməyə çalışırdılar.

Qeyd edək ki, bu ilin əvvəlindən Bakıda sürətlə loto-qumarxana məkanları açılmağa başlayıb. Artıq paytaxt Bakıda onlarla belə qumarxana fəaliyyət göstərir. Bu qumarxanaların fəaliyyəti ilə bağlı bir neçə dəfə məlumat dərc etmişik. 

Ancaq hələlik ilk dəfədir ki, bu obyektlərdən birinin bağlanması hadisəsi baş verir.

İ.Muradov,
Musavat.com




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA