Nazir oğlunun xidmət etmədiyi ordu

img

21-02-2016 [21:40]


General Yaşar Aydamirov Azərbaycan Ordusunda hörmət etdiyim zabitlərdəndir. Həm döyüş görmüş adamdır, həm də əsgərə qarşı hər zaman mərhəmət və sevgi ilə yanaşan generaldır.

Mən, 2002-ci ildə hərbi xidmətə gedəndə, o, cəbhə bölgəsində yerləşən hərbi birləşmələrin birinin komandiri idi. Yaşar Aydamirovla ilk tanışlığım, hərbi xiddmətdə olduğum dönəmə təsadüf edir. Həmin dövrdə onun barəsində "yaxşı adamdır",- deyirdilər.

Eşitdiyimə görə, posta çıxan əsgərlərə xüsusi qayğı göstərirdi. Hətta bir dəfə cəbhə xəttinə gedəndə, özü ilə bərabər bir neçə yüksək rütbəli zabitin də çəkmələrini soyundurdub əsgərlərə verib.
Bundan əlavə, onun əsgərlərə qarşı hər zaman diqqətli olması ilə bağlı ayrı-ayrı faktlar da var. Uzun-uzadı sadalayıb sizi yormaq istəmirəm. Bir sözlə, general Aydəmirov mənim üçün hər zaman hörmətəlayiq zabitlərdəndir.

Amma həyat insanı dəyişə bilir. Bəlkə də yaş öz işini görüb, deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, çiynində daşıdığı general ulduzlarına, döyüş yolu keçmiş, orduda saç ağartmış birinin kiməsə xoş gəlmək üçün mədhiyyə deməsi mənə xoş olmadı.

Yəqin ki, hamının xəbəri var. Müdafiə naziri Zakir Həsənovun nazir övladlarını da orduya çağırması barədə general-leytenant Yaşar Aydəmirovun fikirləri gündəmin əsas mövzularından birinə çevrilib. İndiyə qədər yüksək çinli dövlət məmurlarının, eləcə də, imkanlı şəxslərin övladlarının orduya getməməsi, yaxud adlarını yalnız hərbi hissələrdən birinə yazdırmaları, əvəzində kasıb balalarının orduya aparılması kimi cəmiyyətdə gəzən fikirlər daim gündəmdə olub. Amma nə yazıq ki, indiyə kimi bir nazirin, yaxud bir yüksək çinli məmur övladının hərbi xidmətdə olduğunun şahidinə çevrilməmişik.

Bəs, onda general Aydamirov hansı ordudan danışır? Hansı nazirin oğlu əsgərliyə çağırılıb? Hansı məmurun balası cəbhə xəttində xidmət edib?

Belə götürəndə mənə dəxli yoxdur. Kim xidmətə getmir, özü bilər. Mənim, ailəm üçün Vətən anlayışı fərqlidir. Atam Qarabağ müharibəsində şəhid olub, özüm döyüş bölgəsində xidmət etmişəm, oğlum da bu yolun davamçısı olmalıdır. Ona görə də hansısa nazirin, icra başçısının övladı əsgərliyə getdi-getmədi, məni qətiyyən maraqlandırmır.

Sözümün canı başqadır. Niyə qos-qoca general yalan danışır? Axı, bizim nazirlərin 90 faizi pensiya yaşını keçib, nəvələri əsgər çağındadır.

İkinci tərəfdən, orduya çağırışı Müdafiə Nazirliyi həyata keçirmir ki, Zakir Həsənov da nazir balalarını əsgərliyə çağırtdıra. Deməli, general Aydamirov kimlərəsə qahmar çıxmaq, kimlərəsə xoş gəlmək, yaxud hər hansı səbəbdənsə, dilinə yalan söz gətirir. Təəssüf...

Hər nə deyibsə, yenə də Aydamirova qarşı sayğım var. Ən azından kabinetlərdə gün keçirib general rütbəsi almayıb. Odur ki, onun hansısa naziri bu şəkildə tərifləməsinə sadəcə təəssüflənirəm. Və o boyda generalın bu şəkildə kiçilməsinə şərait yaradanları qınayıram.

Azərbaycan hərb tarixini şərəfli məqamları az olmayıb. Qürur duyulası generallarımız da olub, elə indi də var. Amma nazir balalarının orduda xidmət etməsi kimi qeydləri hərb tariximizdən tapmaq çətindir.
1919-cu ildə görkəmli generalımız Mehmandarov parlamentdəki çıxışında deyirdi: "İndiyə qədər heç yerdə orduda bir nəfər də olsun, nə bəy, nə də xan oğluna rast gəlmədim".

General Mehmandarovdan sonra nəsə demək mənə düşməz...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA