Türkiyədə çalızan Azərbaycanlı alimlər Ombudsmana müraciət ünvanlayıb

img

11-03-2010 [04:29]


?Fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlını Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin cinayət məcəlləsinin 147.1-ci maddəsi ilə məhkəməyə verməsi Türkiyədə çalışan Azərbaycanlı alimlərin də ciddi narazılığına səbəb olub. Onlardan bir qrupu məsələnin ədalətli şəkildə araşdırılması üçün ombudsman Elmira Süleymanovaya müraciət ediblər. Həmin müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Türkiyədə çalışan Azərbaycanlı alimlərin Ombudsman Elmira Süleymanovaya ünvanladıqları müraciətdə qeyd olunur: Hörmətli Elmira xanım! Alim həmkarlarınız kimi, Sizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik edir, vətəndaşlarımız üçün çox vacib olan bu işinizdə uğurlar diləyirik! Hörmətli Elmira xanım! Azərbaycanın təhsil sistemində istifadə olunan dərsliklərdə kifayət qədər qüsurların olduğunu nüfuzlu alimlərdən, pedaqoqlardan tutmuş ibtidai sinif şagirdlərinə qədər hamı yaxşı bilir. Amma nə yazıq ki, bu problemlər haqqında toplumun eşidə biləcəyi səslə danışan, nöqsanları konkret faktlarla açıqlayıb göstərənləri barmaqla saymaq olar. Fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı məhz belə ziyalılarımızdan biridir. Onun ibtidai sinif dərslikləri, eləcə də dərs proqramları ilə bağlı yazılarını biz ? Türkiyədə çalışan alimlər də diqqətlə izləyirik. Əlbəttə, Əlövsət müəllimin hansısa bir fikri ilə razılaşmamaq, onunla mübahisə etmək də olar. Amma onun əksər arqumentlərinin doğruluğuna inanmaq üçün alim olmağa gərək də yoxdur. Bu günlərdə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının 11 üzvünün bu alimi qəzetdə dərc olunmuş silsilə yazılarındakı bir cümləyə (?Dərslikləri Qiymətləndirmə Şurası komplektlərin seçimində saxtakarlığa yol verir?) görə məhkəməyə verərək onu cinayət məsuliyyətinə cəlb etdirmək istəməsi xəbəri hamı kimi ölkəmiz adına bizi də üzdü. Demokratik ölkələrdə, eləcə də bizim çalışdığımız Türkiyə Cümhuriyyətində mətbuatın tənqidi çıxışlarına qarşı dözümlü bir münasibət var. Yazarların məmurları dövlət görəvlərindən dolayı ən sərt ifadələrlə tənqid etdiklərini istənilən qəzetin səhifələrində görmək olar. Amma heç kəs belə iradlardan dolayı onları məhkəməyə verməyi düşünmür. Çünki mətbu firkin demokratiyanın olmazsa olmazı olduğunu hamı yaxşı bilir. Bizə görə bu məsələ tanınmış bir alimi susdurmaq cəhdi, eləcə də azad fikrə, söz azadlığına, mətbuata qarşı basqı kimi qiymətləndirilməlidir. Narahatçılıq doğuran həm də odur ki, Əlövsət Osmanlını həbsə atdırmaq istəyənlərin hamısı ali məktəb müəllimi, alimdir. Doğrudanmı, biz acı tariximizdən nəticə çıxarmırıq? Ötən əsrin 30-cu illərində ziyalılarımız bir-birini beləcə məhv etməmişdimi?! Nə tez unutduq bunları? Hörmətli Elmira xanım! Öz nüfuzunuzdan istifadə edərək Yasamal Rayon Məhkəməsində baxılan bu işin obyektiv, ölkəmizin beynəlxalq hüquqdan doğan öhdəlikləri çərçivəsində araşdırılmasına yardımçı olmağınızı xahiş edirik! Hörmətlə, Prof. Dr. Qeybulla Ramazanoğlu, Süleyman Dəmirəl Universiteti (İsparta); Prof. Dr. Elimxan Mahmudov, İstanbul Universiteti; Prof. Dr. Biləndər Allahverdiyev, Süleyman Dəmirəl Universiteti (İsparta); Prof. Dr. Abbas Əzimov, Yıldız Teknik Universiteti (İstanbul); Prof. Dr. Nazim Kərimov, Mersin Universiteti; Prof. Dr. Xanlar Məmmədov, Mersin Universiteti; Prof. Dr. Adıgözəl Dosiyev, Doğu Akdeniz Universiteti (KKTC); Prof. Dr. Vəli Şahmurov, Okan Universiteti (Istanbul); Prof. Dr. Qabil Əmirəliyev, Sinop Universiteti; Doç. Dr. Azad Bayramoğlu, Tekirdağ Universiteti.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA