Vasif Talıbov ciddi tapşırıqlar verdi

img

10-02-2016 [21:45]


Bu gün Naxçıvan Biznes Mərkəzində respublikada fəaliyyət göstərən sahibkarlarla görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə baxıb.

V. Talıbova bildirilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda, ehtiyat hissələrinin satışının həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaq.

V. Talıbov zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılması barədə tapşırıq verib.

*** 
Bu gün Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada iqtisadiyyatın inkişafı ilə bağlı prioritetləri açıqlayıb.

V. Talıbov deyib ki, Naxçıvan İqtisadiiyat Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılmasını davam etdirməli, daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılmalıdır.

V. Talıbov bildirib ki, istehlak qiymətlərinə nəzarət mexanizmi gücləndirilməli, müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı tədbirlər davam etdirilməlidir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılmalıdır.

Dövlət Gömrük Komitəsi tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət gücləndirilməli, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısı alınmalıdır. V. Talıbov qeyd edib ki, muxtar respublika iqtisadiyyatında bankların aparıcı rolu təmin edilməli, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi bununla bağlı konkret tədbirlər planına malik olmalıdır. Eyni zamanda istər bank və kredit təşkilatları, istərsə də Sahibkarlığa Kömək Fondunun xətti ilə kreditlər verilərkən ehtiyac meyarları düzgün qiymətləndirilməli, maliyyə riskləri ciddi şəkildə araşdırılmalı, vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət gücləndirilməlidir.

Ali Məclisin sədri inflyasiya əleyhinə tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Bunun təsirli vasitələrindən biri də dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasıdır. Alıcı təşkilatlar, eləcə də sahibkarlıq subyektləri nağdsız əməliyyatlara üstünlük verməlidirlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Vergilər Nazirliyi ilə birlikdə bu istiqamətdə işi gücləndirməli, fəaliyyətə başlayan hər bir sahibkarlıq subyekti üçün bank hesablarının aktiv olmasına diqqəti artırmalıdır. Bundan əlavə alğı-satqı əməliyyatlarında POS-terminallardan istifadə ilə bağlı tədbirlər gücləndirilməlidir. Yerli icra hakimiyyəti orqanları yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması məqsədilə sahibkarları yeni layihələrin icrasına cəlb etməli, onların fəaliyyəti üçün zəruri şərait yaratmalıdırlar: "Dövlət büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu xüsusat nəzərə alınaraq hər bir sahibkar milli mənafeni, xalqa, vətənə xidmət amalını diqqətdə saxlamalı, öhdəliklərini layiqincə yerinə yetirməlidir”.

V. Talıbov bildirib ki, əksər kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilməli, ilk növbədə əkinəyararlı torpaq sahələrindən istifadəyə diqqət artırılmalıdır. Əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması təmin edilməlidir. Mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlar tərəfindən alınması nəzarətdə olmalı, məhsul istehsalçıları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Bu tədbirin təşkilinə İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bilavasitə məsuliyyət daşıdıqlarını yadda saxlamalıdırlar: "Muxtar respublikanın aqrar sektorunda məhsul istehsalı əsasən kiçik təsərrüfatlar tərəfindən həyata keçirilir. Lakin məhsuldarlığın artırılması və istehsal xərclərinin azaldılması üçün iri təsərrüfatların yaradılmasına da ehtiyac var. Belə təsərrüfatlarda son texnoloji nailiyyətlərə əsaslanan heyvandarlıq və quşçuluq komplekslərinin yaradılması diqqətdə saxlanmalıdır. Digər tərəfdən, dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan almalıdır”.

Ali Məclisin Sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA