Samir Şərifovla Elman Rüstəmovdan üzləşmə tələbi - Həbsdəki məşhur bankirdən kəskin mesajlar

img

03-02-2016 [09:00]


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovla üzləşdirilməsini tələb edir. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, C.Hacıyevin hər iki maliyyəçi ilə üzləşdirilməsi baş tutarsa, böyük maliyyə cinayətləri ilə bağlı həbslərin dairəsi genişlənə bilər:

"Cahangir Hacıyev istintaqa vəsatətlə müraciət edib ki, onun Elman Rüstəmov və Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edir. Cahangir Hacıyevin mövqeyi belədir ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri məhz bu iki şəxs olub. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır. 

Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan  Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, istintaqçılarda kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini ortaya qoya bilsin. Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olsaydı, bu, Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalıydı. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses - kreditlərin verilməsi illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar.  Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər? Elman Rüstəmovun kadrlarının Beynəlxalq Bankdakı durumu görməzdən gəlmələrinin səbəbi nə olub?".



Saytın iddiasına görə, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür:  "Dövlət öz payını Samir Şərifova etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi? 

Cahangir Hacıyevin hər iki maliyyəçi məmurla üzləşdirmə tələb etməsi tam qanuni olmaqla yanaşı, dövlətin maraqlarının təmin olunması baxımından da tam əsaslıdır. Bununla belə, Cahangir Hacıyevin Beynəlxalq Bank sədri olaraq qohumluq əlaqələrindən istifadə məsələsi də araşdırılmalıdır". 



Sonda bildirilib ki, Cahangir Hacıyevin 2 maliyyəçi məmura - Elman Rüstəmovla Samir Şərifova şəxsi kanalları vasitəsilə ismarış yolladığı da gələn məlumatlar sırasındadır. Bildirilir ki, arestant-bankir Elman Rüstəmovla Samir Şərifova "qabağımda farağat dayanırdınız” ismarışını yollamaqla hər iki məmuru onunla üzləşdirilməsinə etiraz etməməyə çağırıb... 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA