?Borçalı? Cəmiyyəti ?Qarabağ-Nicatımız birliyimizdədir? adlı yığıncaq keçirib

img

01-03-2010 [05:39]


?Borçalı? İctimai Cəmiyyətinin təsis etdiyi Dədə Camal Məclisi ?Qarabağ-Nicatımız birliyimizdədir? adlı sayca səkkizinci yığıncağını keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yığıncağı giriş sözü ilə folklorşünas Elxan Məmmədli açaraq, ?Borçalı? Cəmiyyəti tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Cəmiyyət sadəcə qədim Borçalı mahalında yaşayan Azərbaycan türklərinin deyil, eyni zamanda Qərbi və Cənubi Azərbaycanda haqları tapdanan bütün soydaşlarımızın dərdinə şərik çıxır, onlara hərtərəfli dəstək olur. ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bəzi qrumların ekrana düşmək, şəxsi mənafelərini güdmək xatirinə tədbirlər keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, həmin ?təşkilatlardan? fərqli olaraq, ?Borçalı? Cəmiyyəti öz ətrafında vahid dövlət, vahid millət amalına xidmət edən insanları toplayır və bu məqsədlə də silsilə tədbirlər keçirir. Z.Məmmədli Azərbaycan türkləri arasında birliyə ehtiyac olduğunu söyləyərək, cəmiyyətimizdəki bir sıra problemlərdən də söhbət açıb. Deyib ki, Azərbaycan cəmiyyətindəki pərakəndəlik əsrlər boyu yadellilərə geniş imkanlar yaradıb. Onun sözlərinə görə, pərakəndəlikdən, yaranmış boşluqdan məharətlə istifadə edən düşmənlərimiz zaman-zaman tarixi türk torpaqlarını ilhaq ediblər: ?Biz Qərbi və Cənubi Azərbaycanın, Borçalının problemlərini yalnız həmin regiondan olan insanların üzərinə atmırıq. Çünki belə münasibət millət olaraq bizləri fəlakətəç məhvə sürükləyir. Ötən əsrlərdə belə səhvlərə yol verildiyi üçün bu gün vahid, bütöv Azərbaycan parçalanıb. Biz itkilərimizdən nəticə çıxarmalıyıq. Millət olaraq vəhdətimiz olmalıdır. Sovetlər birliyi dövründə beyinlərimizə yeridilən məhəlləçilikdən qurtulmalı, bizləri bir-birimizdən ayıran amilləri nəzərdən keçirməliyik. Türklük şüarı altında birləşərək maddiyatdan, əşyavilikdən əl çəkib Qarabağ dərdi ətrafında sıx birləşməliyik. Hamılıqla bu dərdimizin həll olunmasına çalışmalıyıq. Bütün dünya da bizim birliyimizi görərək qəbul etməlidir ki, Borçalının, Kərkükün, Təbrizin, Dərbəndin, İrəvanın dərdi eyni zamanda bütün türklərin dərdidir. Tanrı bu yolda, vəhdət yolunda bizlərə yar olsun?. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ?Borçalı? Cəmiyyətinin təşkil etdiyi yığıncağı yüksək qiymətləndirərək, nicatımızın birliyimizdə olduğunu dilə gətirib. O, hazırkı yığıncağın da məhz bu amilə xidmət etdiyini deyib: ?Azərbaycanımızın dərd-sərinin həlli üçün bizlərin birliyinə böyük ehtiyac var. ?Borçalı? Cəmiyyəti bu birliyin yaradılması uğrunda böyük əmək sərf edir. 1990-cı illərin əvvəllərində yaranmış Azərbaycan Xalq Cəbhəsindən sonra ikinci təşkilatdır ki, bu amal üçün çalışır. Həqiqətən də bizim dərdimiz tək Qarabağ deyil, bundan da böyükdür. Bu problemlərin həlli üçün də xalqın birliyi vacibdir. Əsrlər boyu birliyimizin olmaması ucbatından xalqımız daim fəlakətlərlə, müharibə və qırğınlarla üzləşib. Yüz ildən artıq müddətdə ziyalılarımız milətimizin imzasını millətlər içində görmək üçün çarpışıb. Mən hesab edirəm ki, hələ də biz buna tam nail ola bilməmişik. Ona görə də millət olmaq uğrunda mübarizə aparmaq istəyənləri dəstəkləyərək, onlara eşq olsun deyirəm. Xalqıma isə düşmənlərimiz üzərində qələbə arzulayıram?. Şuşa İctimai Birliyinin sədri Zahid Quliyev ?Borçalı? Cəmiyyətinin həyata keçirdiyi tədbirlərin qarabağlılar tərəfindən də müsbət qarşılandığını deyib. O, çoxdan bu cəmiyyət ilə əməkdaşlıq etmək fikrində olduqlarını dilə gətirərək, hər kəsi ?Borçalı? Cəmiyyətinə dəstək olmağa çağırıb. Akademik Cəlal Allahverdiyev isə çıxışı zamanı diqqəti sovetlər birliyi illərində azərbaycanlıların çox zəif təşkilatlanmasına yönəldib. Bildirib ki, vaxtıilə keçmiş SSRİ məkanında yaşayan soydaşlarımızın, eləcə də digər qərb ölkələrində məskunlaşan həmvətənlərimizin heç birinin təşkilatı olmayıb: ?Keçən əsrdə bu təşkilatlanmanın olmaması zaman-zaman Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnib. İmperialist qüvvələr vahid Azərbaycanı parçalayaraq, onun torpaqları hesabına yadellilərə dövlət yaradıblar. Lakin bununla kifayətlənməyən ermənilər müasir dövrdə də öz təcavüzkar siyasətlərindən əl çəkməyiblər. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal ediblər. Hazırda isə Türkiyəyə, Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Ona görə də birləşərək düşmənimizlə ciddi mübarizə aparmalıyıq. Bunun üçün isə ən yaxşı vasitə təşkilatlanmaqdır ki, onu da ?Borçalı? Cəmiyyəti etməyə çalışır?. Yığıncaqda Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, ?Borçalı? Cəmiyyəti Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı, Qarabağ döyüşçüsü Sevda Səfərova və başqaları da çıxış edərək Azərbaycanımızın problemlərinin həlli üçün xalqımızın, millətimizin birliyinin əsas olduğunu bildiriblər. Çıxışlardan sonra akademik Cəlal Allahverdiyev, professor Telman Əliyev, Gültəkin Quliyeva, Əlləz Ovçiyev, Şahmar İbrahimov, Asif Məmmədov, Mehman İsmayılov, Nazim Hüseynov, Umudvar Məmmədli, Teymur Hacıyev, Zahid Quliyev və Hacı Əkbər Rüstəmova ?Borçalı? Cəmiyyətinin diplomları təqdim edilib. Yığıncaqda Aşıq Ədalət Dəlidağlının, Dəmir Gədəbəylinin, Aşıq Cahangirin, Aşıq Fikrətin, eləcə də xanəndələrdən Şəmsəddin İbrahimovun, Aidə Əliyevanın, Elgiz Əliyevin ifaları dinlənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA