Avropa Bankı Sumqayıtda məizət tullantılarının idarəçiliyi layihəsinin həyata keçirilməsində maraqlıdır

img

23-02-2010 [01:27]


Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib. İcra hakimiyyətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüş zamanı qonaqlara Sumqayıt şəhəri haqqında qısa məlumat verən V.Əliyev şəhər ərazisində ətraf mühitin mühafizəsinin gücləndirilməsi və təmizliyin qorunması daim prioritet istiqamətlərdən olduğunu bildirib. O, Sumqayıtda məişət çirkab sularının təmizlənməsi üçün sutkada gücü 200 min kub metr olan Sutəmizləyici qurğunun inşa edildiyini, mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri, güc kabelləri və yüksək gərginlikli ötürücü kabellərin istehsalı nəzərdə tutulmuş Sumqayıt Texnoparkının və eyni zamanda 525 meqavat gücündə olan Sumqayıt Elektrik Stansiyasının istifadəyə verildiyini qeyd edib. V.Əliyev Sumqayıtda məişət tullantılarının toplanması, daşınması və poliqonda yerləşdirilməsini əhatə edən kompleks idarəçiliyin 2009-cu ildən fəaliyyətə başlayan Sumqayıt şəhər Təmizlik Departamenti tərəfindən həyata keçirildiyini, ötən müddət ərzində şəhərdə fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri, eləcə də idarə, müəssisə və təşkilatlar tərəfindən 3000-dən artıq tullantı konteyneri alındığını və müvafiq müqavilələr imzalandığını söyləyib. Şəhərdə məişət tullantılarının toplanması və daşınmasının tam təmin edilməsi məqsədilə Almaniya, Fransa və Avstriya təcrübəsi öyrənildiyini və tətbiq edildiyini, bu sahədə Almaniya istehsalı olan yeni maşın və mexanizmlərdən istifadə olunduğunu vurğulayıb. Şəhər ərazisində yığılan tullantıların bərk məişət tullantıları poliqonunda yerləşdirildiyini bildirən şəhər rəhbəri poliqon ərazinin 10 hektara yaxın hissəsinin tamamilə hamarlandığını və ərazinin torpaqla örtüldüyünü, 5 hektar ərazidə yeni müasir standartlara uyğun poliqon inşa edildiyini və bütövlükdə ərazidə analizlər aparıldığını, müəyyənləşdirilmiş və emal müəssisələrinin yerləşdirilməsi üçün ərazilər hazırlandığını qeyd edib. Görüşdə infrastruktur layihələri, ətraf mühitin mühafizəsi məsələləri və məişət tullantılarının toplanması və emalı layihəsi barədə müzakirələr aparılıb. Qonaqlar səmimi qəbula görə V.Əliyevə minnətdarlıqlarını bildirərək Sumqayıtda bu sahənin inkişafında maraqlı olduqlarını bildiriblər. Nümayəndə heyəti Sumqayıt şəhər Təmizlik Departamenti və poliqonla tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA