Elmira Süleymanova Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərini qəbul edib

img

12-02-2010 [05:48]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrexi, habelə nümayəndə heyətinin digər üzvlərini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek də iştirak edib. Həmməruzəçilərin suallarını cavablandıran Ombudsman bildirib ki, əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların, uşaqların, ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının təmin edilməsinin daha da təkmilləşdirilməsi ilə bağlı, onların problemlərinin həllinə yönəldilmiş təklifləri müvafiq dövlət orqanlarına göndərilib, həmçinin Konstitusiya Məhkəməsinə bir neçə sorğu ünvanlayıb. E.Süleymanova seçki prosesinə müşahidənin daha da genişləndirilməsi, bu istiqamətdə qanunvericiliyə riayət olunması, seçki prosesinə qatılan hər bir kəs üçün bərabər hüquqlar və bərabər imkanlar yaradılması üzrə geniş təbliğat işlərinin aparılmasını diqqətə çatdırıb. Aparılan islahatlar nəticəsində müvəqqəti saxlama və istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin yaxşılaşdığı, müasir standartlara cavab verən Bakı İstintaq Təcridxanasının tikilib istifadəyə verildiyi, saxlanılan şəxslərlə rəftarda pozitiv dəyişikliklər, mövcud çətinliklər diqqətə çatdırılıb. Ombudsmanın Çevik araşdırma qrupu üzvlərinin qaynar xətt vasitəsilə daxil olan şikayətlərə dərhal cavab verdiyi, göstərilən yerlərə baxışlar keçirdiyi bildirilib. Kobud rəftar hallarının aşkar edildiyi təqdirdə DİN-ə məlumat verildiyi, tədbirlər görüldüyü qeyd olunub. Müvəkkil bir problem kimi məişət zorakılığına qarşı mübarizədə müvafiq dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin səylərinin birləşdirilməsinin zəruriliyini qeyd edib, məişət zorakılığı ilə bağlı müvafiq qanun layihəsinin parlamentdə müzakirə olunduğunu bildirib. Qeyd olunub ki, Ombudsman uşaqların cinsi istismar və sui - istifadədən müdafiəsinə dair Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsini, ?Uşaqların cismani cəzadan müdafiəsi haqqında? Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif edib. İşgəncələrə qarşı Konvensiyanın Fakültativ Protokoluna qoşulmaqla bağlı Milli Preventiv Mexanizm (MPM) qismində Ombudsmanın müəyyən edilməsi barədə də həmməruzəçilərə məlumat verilib. Müvəkkil MPM qismində müəyyən olunduqdan sonra, işgəncələrlə mübarizə üzrə fəaliyyətin təkmilləşdirilməsi üçün zəruri təşkilati tədbirlər görüldüyünü, müzakirələr aparıldığını, bu sahədə mövcud beynəlxalq təcrübənin öyrənilərək təhlil edildiyini, ölkədə tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisənin siyahısının tərtib olunduğunu və bu müəssisələrə müntəzəm baxışlar keçirildiyini vurğulayıb. Qaçqın və məcburi köçkün, imkansız, ailə himayəsindən məhrum olmuş, uşaq müəssisələrində tərbiyə alan, habelə baxımsız olan, zorakılığa məruz qalan və digər hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək məqsədilə Ombudsman təsisatında ?916? nömrəli qaynar xəttin yaradıldığı və 24 saat ərzində fəaliyyət göstərdiyi bildirilib. Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşdırılmış məruzəsinin Milli Məclisə təqdim edildiyi, parlamentin plenar iclasında uşaqların vəziyyətinin müzakirə olunduğu diqqətə çatdırılıb. E.Süleymanova fikir mübadiləsi şəraitində keçən görüşdə A. Herkelin məhkəmə qərarlarının icrası sahəsində problemlər, vətəndaş cəmiyyəti və QHT-lərlə əməkdaşlıq, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, habelə müxtəlif ölkələrdən respublikamıza gəlmiş qaçqınların vəziyyəti, söz və ifadə azadlığı, habelə digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA