Ali təhsil müəssisələrində yeni maliyyələzmə mexanizminin tətbiq ediləcək

img

11-02-2010 [06:38]


Azərbaycan prezidenti İlham Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçiriləcək. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş ?2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı?nın icrası məqsədilə qərara alınır: 1. 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilsin. 2. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunsun. 3. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. 4. Müəyyən edilsin ki: 4.1. dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir; 4.2. hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir; 4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir; 4.4. ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki: 5.1. 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin; 5.2. sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin; 5.3. ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin; 5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə tapşırılsın ki, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 7. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılsın ki: 7.1. 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin; 7.2. dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA