Təhsil Nazirliyinin rəsmisi Yevlax və Xaçmaz icra hakimiyyətlərinin tapzırığı əsasında müəllimlərdən qanunsuz pul yığıldığını bildirib

img

11-02-2010 [02:12]


Təhsil Nazirliyi dəfələrlə orta məktəblərdə pul yığılmasına qarşı çıxdığını bəyan etsə də, regionlardan gələn xəbərlər bunun əksini göstərir. Hələlik müəllimlərdən kütləvi şəkildə pul yığılması barədə ilk xəbərlər Yevlax və Xaçmaz rayonlarından gəlib. Yevlax rayonunun 5 nömrəli orta məktəbində işləyən müəllimlərə bildirilib ki, yanvarda alacaqları əməkhaqqının bir hissəsi Rayon Təhsil Şöbəsinin tapşırığı ilə kəsiləcək. Müəllimlərin ANS-ə verdiyi məlumata görə, Maliyyə Nazirliyi nümayəndələrinin apardıqları yoxlamalar zamanı Rayon Təhsil Şöbəsində dövlət vəsaitinin mənimsənilməsi faktı üzə çıxıb. Təhsil Şöbəsi isə bu mənimsəmənin vurduğu ziyanın müəllimlərin əmək haqqları hesabına ödəniləcəyi barədə onları məlumatlandırıb. Müəllimə Elmira Həsənova ANS-ə açıqlamasında bu haqda eşitdiyini desə də, ona konkret tələbin irəli sürülmədiyini bildirib. ?Vallah, bizə deyilib, ancaq heç nə eşitməmişik. Ağızdan ağıza deyirlər, ancaq bizə heç nə deyilməyib. Mənim özümdən soruşurlar ki, belə şey eşitmişik ya yox. Lakin mənim özümə heç kim heç nə deməyib. Mənim özümə şəxsən rəhbərlik deməyib ki, bunu eləyəcəksiniz?. Maraqlıdır ki, müəllimlər arasında yayılmış bu məlumatdan və iddialardan Yevlax Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev xəbərsiz olduğunu bildirib: ?Birinci dəfə deyirsiniz, sizdən eşidirəm. Əvvəla biz yanvar ayının maaşını bu gün-sabah oturduruq. Müəllimlər maaşı bankomat kartları ilə alır, bunların ?tutulur? sözü bir az düz çıxmır. Yanvar ayının maaşı da bizdə köçürülüb?. Bununla yanaşı Təhsil şöbəsinin müdiri Maliyyə Nazirliyinin şöbədə yoxlama apardığını və nöqsanların aşkarlandığını təsdiqləyib. Xaçmazın Alıcqışlaq kənd orta məktəbində isə direktor müəllimlərə payladığı siyahıda yığılmalı olan pulun məbləği və çatdırılma ünvanını göstərib. Həmin məktəbdə müəllim işləyən Arif Mustafayev təsdiq edib ki, müəllimlərə belə bir kağız paylanıb: ?Hər bir müəllimə belə bir kağız verilib. 18 manat 44 qəpik qəzet pulu, 20 manat maliyyə pulu. Deməli açıq-aşkar bizdən rüşvət yığılır?. Müəllim Çingiz Nəzərov isə hələ də maaşlarını ala bilmədiklərini söyləyib: ?Mən 200 manat alıram. Onu da bura versəm, sonra neyləyərəm? Onda mənim işləməyimə nə ehtiyac var? Bu, elə ziyalını dövlətə qarşı qaldırmaqdır. Buradakıların hamısı YAP-ın üzvləridir. Həm qəzet, həm də maliyyə şöbəsi üçün yığırlar. Verməmişik deyə, bugündəyik, maaş ala bilmirik?. Məktəb direktoru Ülkər Hacıyeva isə müəllimlərə məcburi qaydada jurnal satılmasını belə əsaslandırıb. ?Əvvəla hər bir ziyalı qəzet oxumalıdır. Xüsusən də dövlət qəzetləridir bunlar. ?Azərbaycan müəllimi?ni niyə oxumamalıdırlar? Orada təhsil barədə hər şey var. Bunların canında bir təpər, bir vicdan oyatmaq üçün ümumi bir dediyim sözdür. Kağızda da yazdım ki, mən bunu sizdən alacam?. Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova isə məktəb direktorunu müdafiə edərək problemi böyütməməyi məsləhət görüb. O, müəllimlərdən məcburi qaydada pul yığılmasını pedaqoji heyətin maarifləndirilməsi üçün jurnal paylamaq niyyəti ilə izah edib: ?Bu baxımdan da tapşırıq vermişəm ki, məktəblərin hər birində ?Azərbaycan müəllimi?, tədrislə bağlı digər jurnallara abunə olsunlar və istifadə eləsinlər. 18 manat 44 qəpikdən söhbət getmir?. Xaçmaz rayon Maliyyə İdarəsində isə bu məsələdə qurumun adının səsləndirilməsini sui-istifadə kimi qiymətləndirərək problemin araşdırılacağını deyiblər. Xaçmaz Maliyyə Şöbəsinin rəis müavini Samir Nemətov bunları deyib: ?Maliyyə üçün də 20 manat yazıblar. Bu da yanlış məlumatdır, yanlış fikirdir. Bütün məktəblərin müəllimlərinə, işləyənlərə bildirmək istəyirik ki, heç kəsin əməkhaqqından bizim adımıza pul yığılanda, razılaşmasınlar. Biz heç kimdən pul istəmirik, heç kimdən xahiş eləməmişik, heç kimdən tələb də eləməmişik. Heç kim də buna razılığını verməsin?. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə ANS-ə bildirib ki, nazirlik məktəblərdə pul yığılmasını qəti qadağan edib. Bayram Hüseynzadə hər iki faktla bağlı yerli təhsil şöbəsi ilə əlaqə saxlanıldığını, bu işin Yevlax və Xaçmaz icra hakimiyyətlərinin tapşırığı əsasında edildiyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA