Eldar Mahmudov Hollandiyanın ümumi Kəzfiyyat və Təhlükəsizlik Xidmətinin Baz direktorunu qəbul edib

img

03-02-2010 [04:54]


Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanda rəsmi səfərdə olan Hollandiyanın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Baş direktoru Cerard Baumanı qəbul edib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, bu gün hollandiyalı qonaqlar və milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Eldar Mahmudov Cerard Baumanı nazirlikdə qəbul edib. Nazir Hollandiyanın Ümumi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin Baş direktorunun Azərbaycana ilk səfərinin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirib. Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə olunub, enerji təhlükəsizliyi ilə bağlı hər iki ölkənin təcrübəsinin öyrənilməsinin əhəmiyyəti qeyd edilib, Azərbaycan və Hollandiya xüsusi xidmət orqanları arasında bütün bu sahələr üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Eldar Mahmudov Ermənistan-Azərbaycan münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranan nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verib. Cerard Bauman, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını və müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA