2009-da Azərbaycanda 455 yeni HiV-ə yoluxma faktı azkarlanıb

img

01-02-2010 [05:00]


2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-i (96,0 faiz) Azərbaycan vətəndaşı, 18 nəfəri (4,0 faiz) isə əcnəbilərdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, ötən il qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-si (82,8 faiz) kişi, 75-i (17,2 faiz) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub. Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV-infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri (96,0 faiz) Azərbaycan vətəndaşı, 90 nəfəri (4,0 faiz) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7 faiz) kişi, 355-i (16,3 faiz) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər təşkil edir. Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i (29,3 faiz) Bakı şəhəri və Abşeron rayonunda, 1497-si (68,9 faiz) respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8 faiz) yaşayış yeri naməlumdur. 1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2,0 milyon olub. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV?lə yaşayan insanların sayı 33,4 milyon təşkil etmişdir ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA