Məcburi köçkündən rüzvət istəyirlər

img

17-01-2010 [06:33]


Bakının Sabunçu rayonundakı "Qızıl-qum" istirahət düşərgəsində yaşayan məcburi köçkün M.Nəcəfov bu rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarından narazıdır. Ölkə başçısı İlham Əliyevə müraciət edən M.Nəcəfov üzləşdiyi qanunsuzluqlarla bağlı tədbir görülməsini xahiş edib. Şikayətçinin redaksiyamıza ünvanladığı məktubda yazılır: "Ev-eşiyim, var-dövlətim erməni əsirliyində qalıb. Ailə üzvlərimlə birlikdə 20 ilə yaxındır ki, müxtəlif əzab-əziyyətlərə, məşəqqətlərə məruz qalmışam. Ailəmi dolandırmaq üçün bir neçə baş qaramal saxlayıram. Yanvar ayının əvvəlində Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bu əraziyə gələrək, qardaşımdan 100 manat rüşvət tələb ediblər. Qardaşım etiraz edəndə isə ona hədə-qorxu gəliblər. Yanvar ayının 9-da sahə müvəkkili Nazim müəllim mənə zəng edib, "Əjdaha" restoranına dəvət etdi. Ancaq mən bu dəvəti qəbul etmədim. Bir neçə dəqiqə sonra tanımadığım 6-7 nəfər mal-qara saxladığım həmin əraziyə gəldilər. Onlar sərxoş idilər. Məni küçə söyüşləri ilə təhqir etdilər. Təəssüf ki, bu hadisələr polis əməkdaşlarının gözləri qarşısında baş verirdi. Özünü Tahirov kimi təqdim edən şəxs isə məni vurmaq istədi. Yalnız bundan sonra polislər araya girib, onu sakitləşdirməyə çalışdılar. Təəssüf ki, polis əməkdaşlarının gözləri qarşısında məni təhqir edən, şəxsiyyətimi alçaldan Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları barədə bu günə kimi heç bir tədbir görülməyib. Ölkənin hüquq-mühafizə orqanlarının rəhbərliyindən xahiş edirəm ki, içkili vəziyyətdə mənə hücum edən dövlət qulluqçuları barədə tədbir görsünlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA