16-01-2010 [02:50]
[b]?Partiyanın başqanlığı ilə bağlı məsələ mən necə deyirəmsə, elə də olacaq? [/b]
Bu gün Müsavat Partiyası Məclisinin iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinə xəbərinə görə, iclasın gündəliyinə yeni seçilmiş rayon-şəhər təşkilatlarının Məclis üzvlüyünün təsdiqi, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları, bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri və bu seçkilərdə partiyanın vəzifələri, partiyanın növbəti qurultayı və cari məsələlərin müzakirəsi daxil edilib. Partiya başqanı İsa Qəmbərin təklifi ilə gündəliyə təşkilati məsələ ilə bağlı müzakirə də gündəliyə daxil edilib.
İclasda Qadınlar Birliyinin yeni sədri seçilmiş Vəfa Cümşüdlünün, Biləsuvar rayon təşkilatının sədri Səfər Səfərlinin, Laçın rayon təşkilatının sədri Ramiz Xəlilovun Məclis üzvü səlahiyyətləri təsdiq olunub.
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri 23 dekabr bələdiyyə seçkilərinin nəticələri ilə bağlı çıxış edib. Seçkilərin azad və ədalətli keçirilmədiyini deyən A.Hacılı bunun ölkədəki normal demokratik şəraitin olmaması ilə izah edib. A. Hacılı bildirib ki, seçkilərdə misli görünməmiş saxtakarlıqlara yol verildi vg seçkilərin nəticələri tamamilə uydurulmuş şəkildə elan olundu bu proses ümumiyyətlə, seçkiyə oxşamayan bir proses idi.
A.Hacılının çıxışından sonra Məclisin bələdiyyə seçkiləri ilə bağlı yekun qərarı qəbul edilib. Qərarda bələdiyyə seçkilərinin azad və ədalətli keçirilmədiyi üçün onun nəticələrinin Müsavat Partiyası tərəfindən tanınmadığı bildirilir. Partiya seçkilərin nəticələrinin ləğv edilməsini, qanunda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini, yeni bələdiyyə seçkilərinin keçirilməsini, seçkiöncəsi şəraitin demokratikləşdirilməsini tələb edib.
Məclisin sədri Sülhəddin Əkbər bu il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini bildirib. Bununla bağlı Divanda müzakirələrin aparıldığını və ilkin fikrin partiyanın qurultayının parlament seçkilərindən sonra keçirilməsinin təklif edildiyini qeyd edib: ?Bu qurultayda Nizamnaməyə dəyişiklik edilməsə, İsa Qəmbər partiya başqanlığına namizədliyini irəli sürə bilməyəcək?. Qurultayın keçirilməsi üçün qərarların qəbulu partiya Divanına həvalə edilib.
Çıxış edən Məclisin bəzi üzvləri qurultayın 2011-ci ilə saxlanılması təşəbbüsü ilə çıxış edib. Onlar parlament seçkiləri ilə partiyanın qurultayı arasında zamanın az olduğunu və bu iki prosesin bir-birinə mane olacağını bildiriblər. Buna görə çıxış edənlərin bəziləri qurultayın hətta 2013-cü ilə kimi təxirə salınması təklifini irəli sürüblər.
S.Əkbər bildirib ki, partiyanın Nizamnaməsinə görə mühüm məsələlərin həll olunması üçün partiyadaxili referendum da keçirilə bilər.
İ.Qəmbər isə bildirib ki, bu məsələnin müzakirəsinə vaxt itirməyə ehtiyac yoxdur. O partiya başqanının iki dəfədən artıq müddətə seçiməməsinin mütərəqqi bir məsələ olduğunu deyib: ?Bu, Müsavat Partiyasının Azərbaycana nələr vəd etdiyini, ölkəni, partiyanı bir nəfərin idarəçiliyinə vermək istəmədiyini göstərir. Biz düzgün qərar qəbul etmişik və bu il qurultay keçirilməlidir. Parlament seçkiləri var, buna baxmayaraq qurultayı keçirməliyik. Mən hətta düşünürdüm ki, qurultayı partiyanın qurultayından əvvəl keçirək və partiya seçkilərdə yeni rəhbərliklə iştirak etsin. Amma Divan üzvləri belə qərara gəliblər ki, seçkilərdən sonra qurultay keçirilsin. Ona görə də bizim üçün son müddət dekabr ayıdır. Təəssüf ki, bəzi əldəqayırma siyasətçilərin, ekspertlərin səyləri ilə belə fikir formalaşır ki, guya hər şey pis ssenarilər üzrə olacaq. Amma biz belə bir ssenari fikirləşək ki, parlament seçkilərində böyük uğurlar əldə edə biləcəyik və Milli Məclisdə güclü müxalifət partiyası olacaq. Bundan sonra isə qurultayı keçirəcəyik. Partiyanın qurultayı, başqanlığı ilə bağlı məsələyə gəldikdə, bu məsələ mən necə deyirəmsə, elə də olacaq. Bu məsələyə vaxt itirməyə dəyməz?.
İ.Qəmbər bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı çıxış edib. İ.Qəmbər öz çıxışında Azərbaycanda dəyişikliklərin olmasını real olduğunu və parlament seçkilərinin bunun üçün imkan olduğunu qeyd edib: ?Bizim üçün ən aktual məsələ Seçki Məcəlləsinin dəyişməsi, seçki komissiyalarının paritet əsaslarla yaradılmasıdır. Biz proporsional seçki sisteminin bərpasını da tələb edirik. Hakimiyyət bu sistemi ləğv edərkən Müsavatın, müxalifətin YAP-dan üstünlüyünü ört-bastır etmək niyyətini güdürdü. Seçkilərdə iştirak forması ilə bağlı müxtəlif formalar, təkliflər var. Müsavat Partiyasının real müxalifət qüvvələrinin birliyinin tərəfdarı olduğunu heç kim unutmamalıdır. Eyni zamanda bu həqiqət unudulmamalıdır ki, müxalifətin birliyi nə qədər önəmli olursa-olsun, seçkilərdə uğur qazanmağın əsas şərti bu deyil. Son illərin təcrübəsi göstərir ki, Müsavat Partiyası harada olursa, uğur da orada olur. Bəzi həmkarlarımızın bu həqiqət xoşuna gələ və yaxud gəlməyə bilər. 2003-cü ildə bir neçə özündən deyən partiyalar bloklar yaratdılar, amma hansı nəticəyə nail oldular. Ona görə də biz bu məsələlərdə ajiotaja getməməliyik. Müxalifətin böyük koalisiyası kimi fikirlərə aldanmamalıyıq. Kimin müxalifət olduğunu hamı bilir. Bəziləri var, özlərini müxalifət kimi xalqa sırımaq istəyirlər. Heç nədən çəkinmədən Müsavat Partiyası parlament seçkilərində həqiqi müxalifətin birliyinə nail olmalıdır. O qüvvələr səmimi mövqedə olacaqsa, biz buna hazırıq. Amma bu səmimiyyət olmayacaqsa, hərə öz yolunu gedə bilər. Hansısa 3 üzvü olan partiya gəlib bizə deyir ki, blok yaradaq, əməkdaşlıq edək?. İ.Qəmbər bildirib ki, partiya əsas məqsəd kimi qarşıya hər bir seçki dairəsində güclü namizədlər müəyyənləşdirməyi qoyub.