TQDK-nın Quba regional bölməsində elmi-metodiki seminarlar keçirilir

img

15-01-2010 [12:28]


Yanvarın 9-10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba regional bölməsində Komissiyanın məsul əməkdaşları, mütəxəssisləri, ekspertlərinin iştirakı ilə fizika, Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat fənləri üzrə elmi-metodiki seminarlar keçirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, xüsusi internet proqramlarının təbiqi sayəsində iclas salonundan TQDK-nın inzibati binası ilə canlı videobağlantı qurulacaq və müzakirələrə Komissiyanın rəhbərliyi də qoşulacaq. Tədbir iştirakçıları TQDK rəhbərliyinə qəbul imtahanlarının təşkili, imtahanda istifadə edilmiş test tapşırıqları, qəbul proqramları barədə fikirlərini, rəy və təkliflərini bildirəcək, onlar üçün maraq doğuran məsələlərə dair suallar ünvanlayacaqlar. Seminarların işində Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən və digər yaxın rayonların müəllimləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Seminarın cədvəli TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. Göründüyü kimi, müasir informasiya texnologiyaları coğrafi yerləşmənin məsafəsindən asılı olmayaraq, eyni vaxtda fikir mübadiləsi aparmaq, müxtəlif mövzularda təşkil olunmuş müzakirələrdə iştirak etmək imkanı yaradır. TQDK-nın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarlar bu imkanlardan geniş istifadə edərək, ölkənin ayrı-ayrı bölgələrində çalışan müəllimlərin, mütəxəssislərin elmi müzakirələrdə iştirakını təmin etmək üçün videokonfranslar təşkil edir. Bununla da, həmin konfranslarda iştirak etmək üçün uzaq yol qət etməyə, əlavə vaxt sərf etməyə ehtiyac olmur. Seminarlarda müəllimlərə qəbul proqramlarındakı, dərsliklərdəki dəyişikliklər və əlavələr barədə məlumat veriləcək. 2009-cu ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları elmi-metodiki cəhətdən təhlil olunacaq. Bundan başqa, test tərtibi metodikası, testologiya ilə bağlı fikir mübadiləsi aparılacaq, hər fənnin xüsusiyyətinə uyğun olaraq test tərtibinə qoyulan tələblər ətraflı izah olunacaqdır. Xatırladaq ki, TQDK-nın nəzdində fənlər üzrə elmi-metodiki seminarlar 1994-cü ildən etibarən fəaliyyət göstərir. Test tərtibi metodikasını təkmilləşdirmək və imtahanların məzmunu ilə bağlı materiallar, eləcə də qəbul imtahanlarına hazırlaşan gənclərə metodiki köməklik üçün vəsaitlər hazırlamaq məqsədilə təşkil olunmuş bu seminarlarda əsasən Azərbaycan Milli Elmlər Akademiyasının, elmi-metodiki mərkəzlərin mütəxəssisləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, müxtəlif orta ümumtəhsil məktəblərinin fənn müəllimləri iştirak edirlər. TQDK seminarların işində bölgələrdə çalışan müəllimlərin də iştirakına şərait yaratmaq məqsədilə həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq regional bölmələrində də bu cür seminarlar təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA