Azərbaycanın qadın millət vəkilləri Rumıniyada səfərdə olublar

img

14-01-2010 [07:51]


2010-cu ilin 11-13 yanvar tarixlərində Azərbaycan Milli Məclisinin üzvləri Gövhər Baxşəliyeva, Məlahət İbrahimqızı və Gültəkin Hacıbəyli Rumıniya tərəfinin dəvəti ilə Buxarestdə səfərdə olublar. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Buxarest şəhəri 2-ci sektorunun ərazisində yerləşən Tey Parkı ? Heydər Əliyev Xiyabanını ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, daha sonra ulu öndər Mustafa Kamal Atatürkün büstünün önünə tər çiçəklər qoymuş və əziz xatirələrini ehtiramla yad etmişlər. Səfər zamanı Rumıniya Parlamentində Nümayəndələr Palatasının sədr müavini İoan Oltean, Palatanın xarici əlaqələr komissiyasının sədr əvəzi Rodjin Marius, Rumıniya Senatının beynəlxalq əlaqələr komissiyasının sədri Tutus Korleteanu, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri George David və qrupun üzvləri ilə görüşlər keçirmişlər. Səmimi və xoş şəraitdə keçən görüşlərdə Azərbaycanın millət vəkilləri dünya iqtisadi böhranına baxmayaraq Azərbaycandakı əhəmiyyətli iqtisadi artım, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu istiqamətində davam etdirilən işlər, həyata keçirilən islahatlar, sabitlik, xalqın rifah halının yaxşılaşdırılması, müstəqil xarici siyasət, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyi, Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması barədə ətraflı məlumat vermiş, dini tolerantlıq və milli azlıqlara qarşı münasibətinə görə Rumıniyanı və Azərbaycanı örnək göstərmiş, Azərbaycanın regionun aparıcı ölkəsinə çevrildiyini bildirmişlər. Ölkəmizin ildən-ilə inkişaf etdiyini xüsusi vurğulayaraq, Rumıniya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluqlarını ifadə etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması ilə bağlı Rumıniyanın tutduğu prinsipial və dəyişməz mövqeyə görə bir daha minnətdarlıqlarını çatdırmışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ilin 28-29 sentyabr tarixlərində Rumıniyaya həyata keçirilən uğurlu rəsmi səfərinin və səfər zamanı imzalanmış strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminliklərini bildirmişlər. Beynəlxalq təşkilatların parlament assambleyaları çərçivəsində bundan sonra da qarşılıqlı əməkdaşlıq və dəstəyin vacibliyi diqqətə çatdırılmışdır. Rumıniya parlamentinin üzvləri Azərbaycan millət vəkillərinin səfərini yüksək qiymətləndirərək, bu cür səfərlərin daha intensiv xarakter daşıması ilə bağlı istəklərini ifadə etmişlər. Səfərin və aparılan müzakirələrin ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrin inkişafına xidmət edəcəyini bildirmişlər. Rumıniyanın bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında BMT-nin qətnamələri və ATƏT-in qərarları çərçivəsində həll olunması ilə bağlı mövqeyinə sadiq qalacağını, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bəyan etmişlər. Nümayəndələr Palatasının sədr müavini, Senatın və Palatanın xarici əlaqələr komissiyalarının rəhbərləri və Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul etmiş, səfərlərin 2010-cu ildə həyata keçirilməsi istiqamətində tədbirlərin görüləcəyini vəd etmişlər. Azərbaycan millət vəkilləri səfər çərçivəsində Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyini, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Rumıniyadakı Səfirliklərini ziyarət etmiş, Rumıniya-Türkiyə İş qadınları dərnəyində, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətində, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasında, Rumıniya-Türkiyə Sənaye və Ticarət Palatasında səmərəli və məhsuldar görüşlər keçirmişlər. Səfər zamanı həmçinin Rumıniyadakı türk-tatar milli azlıqlarının millət vəkilləri ilə, Azərbaycan və türk diasporlarının nümayəndələri ilə görüşlər keçirmiş, ətraflı fikir mübadiləsi aparmışlar. Buxarest şəhərinin ikinci sektorunun meri N.Ontanu ilə görüş zamanı, Azərbaycan millət vəkilləri Rumıniya-Azərbaycan əlaqələrinin bariz nümunəsi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərinə minnətdarlıq və xatirəsinə ehtiram əlaməti olaraq, Buxarest şəhərinin Tey parkına Heydər Əliyevin adının verilməsi və abidəsinin ucaldılmasına görə təşəkkürlərini bildirmişlər. Milli Məclisin üzvləri türk irsinin, Azərbaycanın mədəniyyətinin, dilinin, ədəbiyyatının tədqiqi və təbliğatı məqsədilə Rumıniyada yeni yaradılmış və Avropada yeganə olan, eyni zamanda tərkibində Azərbaycanşünaslıq fakültəsinin də fəaliyyət göstərdiyi Türkologiya və Mərkəzi Asiya araşdırmaları institutunun Direktoru Tasin Cəmillə görüşmüşlər. Azərbaycan millət vəkillərinin Rumıniyaya səfəri səmərəli və məhsuldar keçmiş, bu cür səfərlərin gələcəkdə qarşılıqlı olaraq intensivləşdirilməsi qərara alınmışdır. Səfər Rumıniyanın kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA